Şeydayevin sabahı “Sabah”da açıla bilər
18.07.2018 , 11:30

Milli komandamızın üzvü Ramil Şeydayev karyerasını yenidən ölkəmizdə davam etdirə bilər. Müqavilə ilə “Trabzonspor”a məxsus olan futbolçunun xidmətində “Sabah” klubu maraqlıdır.
Paytaxt təmsilçisi hücum xəttində olan problemini gənc futbolçu ilə aradan qaldırmaq niyyətindədir. “Sabah” Şeydayevin “Trabzonspor”dakı taleyinin müəyyənləşməsini gözləyir. Əgər Qara dəniz təmsilçisinin baş məşqçisi Ünal Karaman Şeydayevin hazırlıq durumundan razı olmasa, onun yenidən icarəyə verilməsini rəhbərlikdən tələb edəcək.
Əslində, “Sabah” Şeydayevin “Mattersburq”a keçidinin alınmamasından sonra təklifini irəli sürüb. Lakin Trabzon təmsilçisi futbolçunu komandada saxlamağı üstün tutub. “Trabzonspor” Şeydayevlə bağlı yekun qərarı Sloveniyadakı təlim-məşq toplanışından sonra verəcək.
Ötən mövsümü icarə əsasında “Qarabağ”da keçirən Şeydayev ötən gün “Lokomotiv”lə yoxlama görüşündə “Trabzonspor”a qələbə qazandırıb. Ancaq onun haqqında müsbət rəy formalaşmadığı yayılan xəbərlər sırasındadır. (futbol11.az)
