“Sevilya” xal itirdi, “Valensiya”dan çətin qələbə
24.12.2018 , 09:07

İspaniya La Liqasının 17-ci turunda daha 3 oyun keçirilib.
Günün ilk matçında “Valensiya” evdə “Hueska”nı qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Yarasalar”ın heyətində 25-ci dəqiqədə Dani Parexo və 90-cı dəqiqədə Kristiano Pitsini fərqləniblər. Qonaqların yeganə qoluna isə 72-ci dəqiqədə penaltidən Kamilo Hernandes imza atıb.
Digər oyunda liderlər qrupunda qərarlaşan “Sevilya” səfərdə “Leqanes”lə qarşılaşıb. Qonaqlar 5-ci dəqiqədə Mikel Vesqanın qolu ilə hesabda geri düşsələr də, 90-cı dəqiqədə Vissam Ben Yedderin sayəsində məğlubiyyətdən qaça bilib. Bununla da “Sevilya” lider “Barselona”dan 5 xal geri düşüb.
Turun son qarşılaşmasında isə “Rayo Valyekano” doğm azarkeşləri önündə “Levante”ni 2:1 hesabı ilə məğlub edib.
17 turdan sonra turnir cədvəlinə 37 xalla “Barselona” başçılıq edir. 3 xal az toplayan “Atletiko” 2-ci, 32 xalı olan “Sevilya” 3-cüdür. Bir oyun az keçirən “Real” isə 29 xalla 4-cü pillədə yer alıb.
Qeyd edək ki, klublar arası dünya çempionatında iştirakı ilə bağlı “Real”ın bu turda “Vilyareal”la keçirilməli olan görüşü təxirə salınıb.
