“Neftçi” klubunun futbolçusu Saşa Stamenkoviç Serbiya mətbuatına müsahibə verib.
– Arxada qalan mövsüm haqda nə düşünürsünüz?
– “Neftçi” Çempionlar Liqasının təsnifat mərhələsinə iddialı qatılacaq. Azərbaycanda futbola gündən-günə daha çox sərmayə qoyulur. Çempionat Serbiyadakından daha maraqlıdır. Çünki çempionluğa birdən artıq komanda iddia edəndə, daha maraqlı alınır.
– “Neftçi”dən ayrılmaq fikriniz yoxdur ki?
– Hələ 1 illik müqaviləm var. Lakin anlaşmanı uzadacağımızı düşünürəm.
– 1 il əvvəl Çempionlar Liqasında Xorvatiya “Dinamo”suna uduzmuşdunuz. Həmin vaxt xoşagəlməz hadisələrdə siz də iştirak etmişdiniz…
– Həmin vaxt baş verənlərdən çox yazdılar. Mən Zaqrebdə təhqir olunmağa razı idim, təki komandamız qalib gəlsin. Qorxub qapıda durmaqdan imtina edəsi deyildim ki? Cavab oyununda isə təhqirlərə cavab verdim.
– Azərbaycanda sizi təəccübləndirən hadisə ilə qarşılaşmısınız?
– Oyunların birində azarkeşlərimiz məni ruhlandırmaq üçün “Srvena Zvezda” qışqırırdılar. Bu, məni təəccübləndirdi. Amma əsas odur ki, Azərbaycanda da klubumu tanıyırlar.
– Azərbaycana getməklə, yığmaya çağırılmaq ehtimalınız azaldı…
– Bakıdan gələn təklifi dəyərləndirərkən, bunu bilirdim.
– Millidə oynamamaqla barışmısınız?
– Belqradda məşqçilərin gözü qabağında onlara lazım olmadım. Həmin vaxt çağırmadılarsa, indi də özləri bilər.
– Azərbaycanda oynayan futbolçular Rusiya və Türkiyədən təkliflər alır…
– Bu, həqiqətən də belədir. Qonşu Rusiya və Türkiyə klublarının menecerləri Azərbaycandakı futbolçuları maraq dairəsində saxlayır.
– Yenidən “Srvena Zvezda”ya qayıtmaq istəmirsiniz ki?
– Mən həmişə “Srvena Zvezda”lı olacam. Nə vaxtsa qayıdıb doğma komandamda oynayacağam da.
