Türkiyə Super Liqasında mübarizə aparan “Antalyaspor” klubu mövsümə uğursuz start vermişdi.
Korner.az-ın məlumatına görə, komanda 7-ci turda “Çaykur Rizəspor”la 1:1 hesablı heç-heçə etdikdən sonra azarkeşlər futbolçulara kəskin şəkildə etiraz etmişdi.
Stadionu tərk etməyən azarkeşlər bir müddət futbolçuları fitə basmışdılar. Azarkeşlər komandanın kapitanı Samuel Etonu yanlarına çağırıb və onunla söhbət etmişdilər.
Tərəfdarlardan biri olan Mehmet Akdeniz Etoya: “Növbəti oyunumuz “Beşiktaş”a qarşıdır. Bu komandanın halı nə olacaq? Nə vaxt udacağıq?” – deyə söyləmiş, ulduz futbolçu isə azarkeşə belə cavab vermişdi: “Ötən mövsüm liqanı ilk 10 yerdə bitirəcəyimizi demişdim və bunu bacarmışdıq. Bu mövsüm də ilk 10 yerdə bitirəcəyik. Buna inan. Əgər bunu bacarmasaq, sənə 100 min avro verəcəm”.
Afrikalı oyunçu daha sonra tərcüməçisinin köməkliyi ilə azarkeşin telefon nömrəsini də götürmüşdü.
Artıq Super Liqada 32 tur geridə qalıb. “Antalyaspor” 52 xalla 5-ci pillədədir. Son turda “Bursaspor”u 2:1 hesabı ilə məğlub edən Antalya təmsilçisi liqanı ilk 10 pillədə başa vurmağı qarantiləyib. Bununla da Eto azarkeşə verdiyi sözün üstündə durub və mərcdən qalib ayrılıb.
