“Sanki, “Kəpəz”lə oyunun davamı idi. “İnter”lə gərgin, maraqlı matç alındı, azarkeşlər çox qol gördülər. Heç-heçə də edə bilərdik, məğlub da ola bilərdik, böyükhesablı qələbə qazana bilərdik. Bu hesab da məni razı salır”.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 16-cı turunda “İnter”ə 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
“Qarabağ” kimi komandanın 1 qol vurub məğlub etdiyi komandanı 3 qolla üstələməyimiz sevindiricidir. Heyətdə zədəli oyunçularımız az deyildi, buna baxmayaraq, futbolçularımız can qoydular və qələbə qazandılar” – deyə o bildirib.
S.Abasov Zaurab Xizanişvili ilə Ağabala Ramazanovun epizodu barədə də fikirlərini bildirib:
“Bu haqda konkret danışa bilmirəm. Penaltinin olub-olmadığını deməyə çəkinirəm. Düzdür, mən həmin anda reaksiya verdim. Amma unutmayaq ki, insanın reaksiyası öz istəyinə uyğun olur, mən də lehimizə penalti istəyirdim. Amma epizoda baxdıqdan sonra dediyin bəzən səhv çıxır. Ümumilikdə götürsək, 3-0 hesabı ilə irəlidə olduğumuz oyunda heç-heçə etsəydik və ya məğlub olsaydıq, sadəcə təəssüflənməzdim, dəli olardım”.
