“Şamaxı şəhər stadionunda tribunaların artırılması nəzərdə tutulmayıb”
21.04.2022 , 19:21

“Şamaxı şəhər stadionunda tribunaların artırılması hazırda nəzərdə tutulmayıb. Amma qapıların arxasında yer var. Orda tribuna qurmaq mümkündür. Bu, uzunmüddətli gələcək üçündür”.
Korner.az xəbər verir ki, bunu AFFA-nın baş katibinin müavini Kamran Vəliyev deyib.
“Bu arenada avrokubokların təsnifat mərhələsinin matçları, səhv etmirəmsə ilk iki raundun oyunları keçirilə bilər. Sonrakı mərhələ üçün 3-cü kateqoriya zəruridir. U-21, qızlar və aşağı yaş qrupları üzrə yığmalar da burada oynaya bilər. Əsas milli üçün 4-cü, istisna hallarda 3-cü kateqoriya lazımdır. Burada isə 2-ci kateqoriyadır” – deyə o bildirib.
Vəliyev 2021-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə stadionun açılış mərasiminin keçirildiyini xatırladıb: “Arena 2200 tamaşaçı tutumuna malikdir. “Şamaxı” futbol klubu oyunlarını burada keçirir. Ot örtüyü sünidir. Amma artıq FİFA-nın ən yüksək sertifikatını alıb. Bir az detallara girsək, ipliyin hündürlüyü 40 mm olurdu. Hazırda yeni nəsil ot örtükləri var ki, hündürlüyü 55-60 mm olur. Bu stadiondakı örtük həmin yeni nəsil örtüklərdəndir. Düzdür, bir az zaman lazımdır ki, oynadıqca, tam otursun. Burda cəmi bir oyun olub, amma FİFA-nın sertifikatını alıb. UEFA-nın ikinci kateqoriyasına malikdir. Bu da bəzi beynəlxalq oyunlar keçirməyə imkan verir”.
