“Gərgin oyun oldu. Yeni komandayıq, gənc futbolçulardan ibarət heyətimiz var”.
Bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib. Gəncə klubu Azərbaycan Premyer Liqasının III turunda səfərdə “Neftçi” ilə qolsuz heç-heçə edib və yeni mövsümdə ilk xalını qazanıb. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən təcrübəli çalışdırıcı fikirlərini bildirib:
– Düşünürəm ki, bir qədər səbir etmək lazımdır. Komandamız meydanın hər qarışı uğrunda vuruşdu. Qazanılan xal komandaya yaxşı motivasiya verəcək. Ümid edirəm ki, gələcək oyunlarda yaxşı çıxış edəcəyik.
– Futbolçulardan istədiyinizi ala bildiniz?
– Yenə deyirəm ki, komandamız yenidir. Şadam ki, komandamızda potensial var və növbəti oyunlarda özümüzü toparlamalıyıq.
– İlyas Səfərzadə və Kamran Abdullazadə bu dəfə ehtiyatda qalmışdılar…
– Rəqibi analiz etmişdik. Onlar hücumda çox güclüdülər. Buna görə də, dağıdıcı futbolçulardan istifadə etməli idik. Şadam ki, gənc futbolçularımız ansamblı pozmadı. Məşqdə kim daha yaxşı görünürsə, onlardan istifadə etməyə çalışırıq.
– Adınız “Neftçi” ilə hallanır. Siz indiki “Neftçi”ni qəbul edərsiniz?
– “Neftçi”nin öz siyasəti var. “Neftçi”nin heyətində yaşı oyunçular var və bu gün çox yaxşı oynadılar. Sualınıza gəlincə, mən “Kəpəz”dəyəm və buradan heç yerə gedən deyiləm.
– “Kəpəz” çempionatda neçənci yerlər uğrunda mübarizə apara bilər?
– Belə artıraraq davam etsək, istədiyimiz yerdə ola bilərik. Üç oyuna əsasən, bu suala konkret cavab vermək olmaz. Əsas odu ki, stabil oyunumuzu “tutaq”. (sportal)
