"Yaxşı oyun oldu. Bu oyun "Qəbələ" – "Qarabağ" oyunundan heç də geri qalmırdı".
Korner.az-ın məlumatına gör,, bu sözlər "Kəpəz"in baş məşqçisi Şahin Diniyevə məxsusdur.
"Kəpəz" Topaz Premyer Liqasının XX turunda öz meydanında "Qəbələ" ilə heç-heçə edib. Matçdan sonra keçirilən mətbuat konfransında təcrübəli mütəxəssis fikirlərini bildirib. Şahin Diniyev komandasının oyununda irəliləyiş olduğunu vurğulayıb: "Artıq komandamız əvvəlki günlərini qaytarmaq üzrədir. Bir müddət komandamızın oyununda eniş olsa da, son iki oyunda futbolçularım özlərini yaxşı tərəfdən göstərməyi bacarıblar. Oyuna və qazanılan nəticəyə görə onlara təşəkkür edirəm".
Oyunun 38-ci dəqiqəsində Gəncə klubunun futbolçusu Nicat Qurbanov rəqib komandanın oyunçusu Nika Kvekveskirini sillə ilə vurub və qırmızı vərəqə ilə cəzalanıb. Şahin Diniyev hımin epizod haqda bunları deyib: "Nicat Qurbanova fasilə ərəfəsində yaxınlaşdım. Uşaq kimi ağlayırdı. Əlbəttə, böyük səhv edib. Ancaq bir səhvə görə futbolçunu siyahıdan silmək olmaz. Onunla söhbətimiz olacaq".
Çalışdırıcı yarımmüdafiəçi Serjinyonun hücumda yer almasından da danışıb: "Qəbələ"nin mərkəz müdafiəçiləri çox ucaboydurlar. Onların qarşısında topla oynamağı bacaran, texnikalı futbolçunu meydançaya buraxmağı lazım bildim. Məncə, Serjinyo fərqli mövqedə pis oynamadı və özünü ən yaxşı tərəfdən göstərməyi bacardı".
Mütəxəssis son oyunlarda Davud Kərimiyə şans verməsindən söz açıb: "Eniş təkcə əsas qapıçımız Tadasın oyununda yox, komandanın oyununda idi. Son oyunlarda Davuda şans verirəm və o özünü sübut etməyi bacarır. Amma o demək deyil ki, Tadas oynamayacaq". (futbol11.az)
