Premyer Liqanın VI turunun mərkəzi görüşü – "Qarabağ" – "Neftçi" matçının son dəqiqələrində görüşün baş hakimi Fariz Yusifov Ağdam klubunun lehinə şübhəli penalti verərək geniş müzakirəyə yol açdı.
Məhz bunun məntiqi nəticəsi kimi oyundan sonra istər "Neftçi" rəhbərliyi verdiyi açıqlamalarında, istərsə də klubun fanatları sosial şəbəkələrdə Fariz Yusifovun əleyhinə danışmağa başladı.
90+2-ci dəqiqədə "Qarabağ"ın lehinə verilən penaltinin olub-olmamasını dəqiqləşdirmək üçün sabiq FIFA referisi, "Neftçi"nin keçmiş vitse-prezideni Tahir Süleymanovun fikirlərini öyrəndik. T.Süleymanov Korner.az-a açıqlamasında ümumilikdə oyunun hakimliyinin aşağı səviyyədə olduğunu bildirərək, bir neçə məqama toxundu:
"Əvvəlcə ondan başlayaq ki, penalti epizoduna kimi Erik Ramos ikinci sarı vərəqə ilə cəzalandırılıb meydandan qovulmalı idi. Konkretləşdirək: mən olsam, Ramosun ikinci sarısını verər, penaltini verməzdim. Çünki sonra 100%-lik "qırmızı"nı verməyib və şablon penalti göstərir. Niyə şablon və qabarıq oldu penalti epizodu? Çünki sonra Anyeteni təkbətək epizodda yıxdılar. Həmin anda Bədaviyə son ümid folu kimi qırmızı vərəqə göstərib, cərimə zərbəsi vermək lazım idi. Ona görə də, penalti epizodu bu qədər qabarıq oldu. Anyete-Bədavi və Samir-Coşqun – oxşar epizodlar idi. Buna görə də hakimin qərarı kənardan şübhəli görünür. Heç nədən öz başlarına durduqları yerdə oyun açırlarOyunun əvvəlində idarəçilikləri normal idi, sonradan yaxşı idarə edə bilmədilər".
