“Sabah”ın uğursuz həmləsi
10.04.2025 , 10:00

Azərbaycan kubokunun yarımfinal matçı öncəsi “Sabah” ortalığı qarışdıracaq bir bəyanatla çıxış edib. “Bayquşlar” iddia edir ki, sabiq futbolçusu, hazırda “Neftçi”də çıxış edən Elvin Camalov Masazır təmsilçisinin oyunçularından biri ilə iki dəfə əlaqə saxlayaraq, ona cari mövsümün sonunda “Neftçi” FK-ya keçməyi təklif edib. Bu söhbətlər zamanı o, klubunun baş məşqçisinin marağını və həmin futbolçunun oyununa verdiyi yüksək qiyməti xüsusi vurğulayıb.
Öncəliklə onu qeyd edək ki, “Sabah”ın bu paylaşımı yarıhəvəskar mahiyyət daşıyır. Klub bu cür davranışı peşəkar etikası, futbolçuların statusu və transfer qaydalarının ciddi şəkildə pozulması kimi qiymətləndirir. Səbəb?
“Sabah” yaydığı bəyanatda futbolçunun adını gizli saxlayıb. Maraq üçün qeyd edək ki, söhbət Cesse Sekidikadan gedir. Klub bildirir ki, nigeriyalı vingerin müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. Lakin bizdə olan məlumata görə, Sekidikanın mövcud sözləşməsi bu yay sona çatır. Bu isə o deməkdir ki, istənilən klub müqaviləsinin bitməsinə 6 ay qalmış istənilən futbolçu ilə danışığa keçə bilər: rəsmi və ya qeyri-rəsmi – fərq etməz.
“Sabah”ın cavab matçı öncəsi bu cür addım atması isə gözləniləndi. Faktiki olaraq klub rəhbərliyi mövcud situasiyanın xeyrinə işləyə biləcəyini nəzərə alıb və lehinə istifadə edir. Çünki kubokda qeydə alınacaq hər hansı bir uğursuzluq klub rəhbərliyinin ayağına yazılacaq. Bu isə bərbad idarəçiliyi ilə yadda qalan rəhbərliyin daha bir uğursuzluğuna gətirib çıxaracaq. Bu baxımdan, düşünmək olar ki, hər il baş məşqçi dəyişən, xərclənən milyonlar qarşılığında qeydə alınan nəticəsizlik hazırkı rəhbərliyi qorxuya salıb.
Bu, faktiki olaraq fikir yayındırmağa bənzəyir. Klubun diqqətləri fərqli səmtə yönəltməsi düşüncəsi baş verə biləcək uğursuzluğu gizlində saxlamaq niyyəti daşıyır. Sözsüz ki, AFFA-da rəhbər səviyyəsində təmsil olunan “bayquşlar”ın bu addımı həm qeyri-ciddilik, həm də güc göstəricisidir.
Korner.az
