Premyer Liqa

“Sabah”ın hücumçusu: “Qarşıma bombardirlik hədəfi qoymamışam”

26.08.2018 , 11:43

“Sabah”ın hücumçusu Marko Deviç Topaz Premyer Liqasının 3-cü turunda “Zirə” üzərində 2:0 hesablı səfər qələbəsindən sonra jurnalistlərin suallarını cavablandırıb.

Hər iki qolun müəllifi olan 34 yaşlı forvard öncə oyunu dəyərləndirib:

– Özünüz də bilirsiniz ki, açıq oyun gedəndə qol vurmaq daha asan olur. İlk qoldan sonra 2-ci topu da rəqibin qapısından keçirdik. İkinci hissədə isə hesabı qoruyub, qalib gəldik.

– 3 oyuna 4 qol vurmusunuz. Bu cür başlanğıcı özünüz gözləyirdiniz?

– Mən hər oyuna ayrı-ayrılıqda hazırlaşıram. Gizlətmirəm, fərdi göstəricilərimin yaxşı olması məni sevindirir. Amma hər şeydən önəmli komandamın qazandığı nəticələrdir. Düşünürəm ki, çempionata pis başlamamışıq. Sevinirəm ki, “Sumqayıt”a böyükhesablı məğlubiyyətdən sonra özümüzə gələ bildik. Uzun fasiləyə yaxşı əhval-ruhiyyə ilə yollandığımız üçün şadam.

– Bir çox ölkələrdə legioner həyatı yaşamısınız. Demək olarmı ki, onların arasında ən asan çempionat Azərbaycan Premyer Liqasıdır?

– Açığı, indiyə qədər gördüklərimə əsasən deyə bilərəm ki, çempionatınız elə də asan deyil. Ukraynada “Metallist”də, “Şaxtyor”da oynayanda 26-27 yaşım vardı, özümü fərqli hiss edirdim. Ona görə də Azərbaycan Premyer Liqasının asan keçdiyini deyə bilmərəm.

– Yəqin razılaşarsınız ki, təcrübəniz indiki məqamda sizə kömək olur…

– Əlbəttə, təcrübəmdən mümkün qədər çox yararlanmağa çalışıram. Amma fiziki durumum da yaxşı olmalıdır. Bu yaşda sağlamlığına fikir verməlisən ki, hər oyunda meydana çıxa biləsən.

– 10 il bundan əvvəl Ukrayna çempionatında bombardir olmusunuz. İndi Azərbaycanda belə bir imkanınız var. Qarşınıza belə bir hədəf qoymuunuzmu?

– Qarşıma bombardirlik hədəfi qoymamışam. Bacardığım qədər çox qol vurmağa çalışıram ki, komandama uğurlu nəticələr qazandırım. Aşağı deyil, yuxarı baxırıq. Hər şeydən öncə mənim işim qol vurmaqdır. Komanda yoldaşlarıma, xüsusilə də baş məqçiyə təşəkkür edirəm. Bu qələbə onundur. Çünki “Zirə”ni yaxşı analiz etmişdi. Necə oynamalı olduğumuzu bizə başa saldı. Qol vurduğum epizodlarda isə komanda yoldaşlarım mənə bu imkanları yaratdılar. Özümü “Sabah”da yaxşı hiss edirəm. İstərdim ki, belə də davam etsin.

– Daha əvvəl Azərbaycana gəlmək variantınız olubmu?

– Yox, olmayıb. Ümumiyyətlə, əvvəl belə bir variant haqda nə düşünmüşəm, nə də götür-qoy etmişəm.

– 4-cü turda “Qəbələ” ilə oynayacaqsınız. Həmin oyun barədə nə deyə bilərsiniz?

– “Qəbələ”yə hörmətlə yanaşırıq. Mənə deyilənə görə, “Qarabağ” və “Neftçi” ilə birlikdə, Azərbaycan futbolunun liderlərindən biridir. Hər zaman yuxarı yerlər uğrunda oynayırlar. Maraqlı oyun olacaq. Evdə, doğma azarkeşlərimiz önündə oynayacağıq. Bugünkü qələbə komandada özünəinamı geri qaytardı. Hər şey mümkündür. İndidən qələbə qazanacağımızı söyləmək düzgün olmaz.

– Bir çox legionerlər “Sabah” və bu kimi klublara tramplin kimi baxırlar. Sizdə də belə istək varmı?

– Açığı, hələ bu barədə düşünmürəm. Hər şey məni qane edir. Futbolçu həyatı elədir ki, bu gün sənə burada ehtiyac varsa, bu klubda oynayırsan. Lazım olmayanda isə gedirsən. Hələlik fikrim bu mövsümü “Sabah”da keçirməkdir. Sonrasına baxarıq. Bir şeyi dəqiq deyə bilərəm ki, mövsümün sonunda karyeramı bitirməyə hazırlaşmıram.

Son yazılar

Yuxarı