“Sabah”ın “FK”-laması: səhv, yoxsa..?
10.04.2025 , 12:42

“Sabah” Futbol Klubunun dünənki açıqlamasının məğzindən xəbəriniz var yəqin ki. Bilməyənlər üçün “söhbətin Mustafası”: Üç ay bundan əvvələ qədər “Sabah”ın formasını geyinmiş və kapitanlıq sarğısını taxmış indiki “Neftçi”li Elvin Camalov keçmiş klubunun heyətindəki bir futbolçunu indiki klubuna keçmək üçün dilə tutubmuş. “Dünyanın hansı ölkəsində yoxdur ki, belə şeylər?” – deyib ittihamı əlimizin arxası ilə kənara qoya bilərik. Və üstəlik, hadisənin gerçək olub-olmaması hələ bəlli deyil, ittihamdır, zaman göstərəcək nəticəsini. Ancaq açıqlamadakı bir məsələni vurğulamadan keçmək olmazdı.
“Sabah”ın açıqlaması, onun mövqeyindən baxsaq, qarşı tərəfi – futbolçunu və “Neftçi”ni qeyri-peşəkar davranışda ittiham etməkdir. Sitat: “Əgər oyunçuya maraq həqiqətən peşəkar çərçivədə olsaydı, “Neftçi” FK rəsmi şəkildə “Sabah” FK və ya futbolçunun nümayəndələri ilə əlaqə saxlayardı. Bunun əvəzinə, bu proses qeyri-rəsmi formada, keçmiş komanda yoldaşı vasitəsilə və rəsmi prosedurlar nəzərə alınmadan həyata keçirilib. Bu isə niyyətin səmimiliyi ilə bağlı ciddi şübhələr doğurur”. Stop! “Neftçi” FK?! “Sabah”ın rəqibini “FK” (Futbol Klubu) ibarəsi ilə anması bütövlükdə açıqlama boyu müşahidə olunan “səhvdir”. Ona görə dırnaqarası səhvdir deyirik ki, bu ölkədə, hətta bu ölkədən kənarda da “Neftçi”nin PFK (Peşəkar Futbol Klubu) olduğunu, az qala, uşaqdan-böyüyə hər kəs bilir. Sizcə, “Sabah”da bunu bilən yoxdur? Ən azı, idman mətbuatında az-çox işləmiş mətbuat katibi də bilməli idi və əminəm ki, bilir. Bəs onda bunun adı nədir? Öz qarşısındakı FK-dan utanıb qarşı tərəfi də öz səviyyəsinə salmaq cəhdi? Peşəkarlıq dərsi belə keçilmir, cənablar. Bunun adı acizlikdir, özünü qarşı tərəfin yanında əzdirməkdir. Premyer Liqada ip əldən gedib, ölkə kubokundakı mümkün uğursuzluqdan elə uğursuz şəkildə qorunmaq, mövsümün sonunda – “haqq-hesab günü” bütün uğursuzluqları ört-basdır etmək cəhdidir. İndi “Neftçi” də durub cavab açıqlaması yazsa və sizi “FK” deyil, məsələn, “ŞHK” (Şən və Hazırcavablar Klubu) kimi təqdim etsə, nə olacaq? Hərçənd “hazırcavablar” sözü də burda artıq ola bilər…
P.S. İlk baxışda bunlar xırda şeylər kimi görünə bilər, ancaq açıqlamanın mahiyyəti bu məqamda fərqli çalarlar axtarmağa özü məcbur edir.
P.P.S. Futbol elminin mogikanlarından Valeri Lobanovskinin heç vaxt unutmadığım bir sözü var: “Öyrətmək üçün bilmək lazımdır”. Bilmədiyiniz ortadadır, bəs sizin bunu bilməyiniz üçün nə lazımdır?
