“Sabah” Gürcüstanda çempion oldu
24.02.2023 , 18:53

“Sabah” Futbol Akademiyasının U-9 və U-11 komandaları Gürcüstanın Tbilisi şəhərində təşkil edilən “Tengiz Sulakvelidze Academy 2023” turnirində iştirak ediblər.
Korner.az xəbər verir ki, U-9 komandası qrup mərhələsində “Qldani” (8:0), “Celero” (6:1) və Batumi “Dinamo”su (1:2) ilə qarşılaşıb. Yarımfinalda oyunsonrası penaltilər seriyası ilə “Qorda”nı (2:2, pen – 4:2) keçən təmsilçimiz finala vəsiqə qazanıb. Komanda həlledici matçda Batumi “Dinamo”suna (1:1, pen – 3:4) oyunsonrası penaltilər seriyasında uduzaraq turniri ikinci pillədə başa vurub.
U-11 komandası isə qrupda yerli “Qrandi” (4:0), “Zestafoni” (5:0) komandalarını məğlub edib, “Qldani”yə uduzub (0:1). Yarımfinalda “Saburtalo”ya qalib gələn (4:0) “Sabah” həlledici oyuna vəsiqə qazanıb. Təmsilçimiz final matçında da qrup mərhələsində qarşılaşdığı “Qrandi” ilə üz-üzə gəlib. Bu dəfə də rəqibini məğlub edən (4:0) Azərbaycan təmsilçisi turnirin qalibi olub.
U-9 komandasından Ömər Şirəliyev turnirin ən yaxşı hücumçusu, Cavidan Ağayev isə ən texnikalı futbolçusu seçilib. U-11 komandasının üzvlərindən Yusif Ağayev turnirin ən yaxşı yarımmüdafiəçisi, Ayxan Əliyev ən yaxşı müdafiəçisi, Fərid Həsənli isə ən yaxşı oyunçusu seçilib.
