“Sabah” 19-cu oldu
03.04.2023 , 10:12
Korner.az xəbər verir ki, XXVII turda ilk “üçlük”də yerini təmin edən “Qarabağ”ın ardınca “Sabah”ın da mükafatçılar sırasında yer alacağı dəqiqləşib. “Qəbələ” ilə XXVIII turun görüşündəki 3:2 hesablı qələbə ilə Murad Musayevin baş məşqçisi olduğu komanda tarixinin ilk medalını təmin edib.
Bakı klubu ölkə çempionatları tarixində mükafatçılar sırasına düşən 19-cu komandadır. 1992-ci ildən təşkil olunan yarışda bunadək 18 iştirakçı “üçlüy”ə düşüb.
“Neftçi” hamıdan çox – 20 dəfə bunu bacarıb. “Qarabağ” 17-ci medalını təmin edib. “Şamaxı” 9, “Kəpəz” 6, “Bakı”, “Şəmkir”, “Qəbələ” 5, “Xəzər Lənkəran”, “Turan” 4, Sumqayıt “Xəzər”i, “Xəzri”, “Karvan”, “Zirə” 2 dəfə medalçılar sırasında yer alıb. “Sabah”a qədər daha beş komandanın bir uğuru var. Bunlar “Şüvəlan”, “Simurq”, “Viləş”, “Səbail” və “Sumqayıt”dır.