Bu şənbə kimi tragikomik günün axırıncı dəfə nə vaxt olduğu tamam yadımdan çıxıb. Bir gündə adam nə qədər gülər…
Günün ilk xəbəri Kamran Ağayevin şələ-şüləsini götürüb Lənkərandan qaçmasıydı. Bəli, məhz qaçması. Niyəsi-nöşünü bəlli deyil. “Xəzər Lənkəran”dan rəsmi açıqlama yoxdu. Kamransa deyir ki, mən demirəm, rəhbərlik desin. Bu yerdə son vaxtlar Türkiyədə dəbə minən “ben bilmem, kocam bilir” məsəli yada düşür… Azərbaycan futbolçuları arasında az-çox səs eləyən, susmayan oyunçulardan birinin indi susması nəyin göstəricisidi, əcəba?
Əsas komandadan uzaqlaşdırılıb “dubl”a göndərilən, bir həftə-on gün əvvəl AFFA başqanının xahişiylə yenidən əsas heyətə qaytarılan Ağayev klubu tamamilə tərk etməklə elə həmin Rövnəq Abdullayevin reputasiyasını da zədələdiyini düşünmür, yəqin. İndidən sonra AFFA prezidenti kimin üçünsə ağız açarmı hansısa kluba? Özünə hörmət edən adam açmaz…
***
Axşama doğru da xəbər çıxdı ki, “Qarabağ” – “Bakı” oyunundan sonra “hakimləri döymək mövsümü”nə start verilib. “Siftə” gəlibsə, davamı olacaq mütləq. Hadisə var, qalmaqal olub, amma işdə adları hallananlar susurlar. PFL penalti epizodunun videosunu saytına yerləşdirməklə işini bitmiş sayır, “Bakı” isə ümumiyyətlə, heç nə saymır…
İllər əvvəl demişdim ki, aya, bu hakim-fasonlarınızı zirehli paltarla buraxın oyunlara. Onsuz da “məmə” deyəndən-“pəpə” yeyənlərinədək bir işə yaramırlar, əvvəlcədən nə tapşırıq verirsizsə, onu da edirlər. İntəhası, futbol qaydalarına görə, meydanda hakim adında nəsə olmalıdı da… Zirehləndirin, barı döyüləndə xəsarət-zad olmasın. Gələcəyin kişilərinin kişiliyini sındırmaq günahdı…
***
İndiyə qədər bir komandayla 14 oyun oynayasan, bircə heçə-heçə edib, 13 dəfə uduzasan… Mövsümün əvvəlində Ramin Musayev ciddi-ciddi deyirdi ki, daha “Simurq” “İnter”ə bilərəkdən uduzan deyil. Uduzsa elə olacaq, belə olacaq. Di hı! Di olsun görək, nə olacaq!
Qulağınızı bəri eləyin, deyim nə olacağını: sssssss… heç nə olmayacaq, rahat olun… Şərəf kartof-soğan deyil ki, gedib alasan, gətirib hədiyyə edəsən…
P.S. Bu olanlara, bilmirsən, güləsən, ya ağlayasan… Ən yaxşısı, ikisini bir yerdə eləməkdi.