Sənan Qurbanov: “Məğlubiyyətə səbəbkar özüməm”
23.09.2018 , 22:49

“Uğursuzluğa son qoya bilmirik. Oyunumuzda inkişaf olsa da, heç kim bunu başa düşməyəcək. Çünki hamı “Qəbələ”dən qələbə gözləyir”. Bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov deyib.
“Qırmızı-qaralar” Topaz Premyer Liqasının V turunda səfərdə “Qarabağ”a məğlub olub.
Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gənc çalışdırıcı fikirlərini bildirib: “Futbolçularım yaxşı oynamağa çalışsa da, səhvlər etdik. Uzun müddətdir komandadayam, heç kim istəmir “Qəbələ” məğlub olsun. Vəziyyəti düzəltməyə çalışacağıq. Cəzalanmalı futbolçular cəzalanacaq”.
– Hər oyuna qələbə qazanmaq üçün çıxdığınızı deyirsiniz. Rəqib hansı heyətlə meydana çıxmalıdır ki, “Qəbələ” qələbə qazansın?
– “Qarabağ” ikinci heyətlə oynamırdı. Bütün futbolçular “Qarabağ”a lazımdır.
– Bu nəticələrə görə günahkar kimdir?
– Komandanın başında mənəm, ilk növbədə günahkar özüməm. Ancaq çalışırıq, vəziyyəti düzəltmək üçün mübarizə aparırıq. Əlimizə düşən imkanlardan yararlansaq, belə danışmarıq. Məğlubiyyətə səbəbkar özüməm.
– İstefaya göndəriləcəyinizlə bağlı xəbərlər yayılıb. Bu, doğrudur?
-“Qəbələ” üçün xeyirlisi nə olsa, ilk addımı mən atacam. Rəhbərliyin qərarına hörmətlə yanaşacam. Amma nə qədər ki, burdayam, əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam
