Sənan Qurbanov: “Futbolçularla ciddi söhbət aparacağıq”
25.08.2018 , 20:58

“Gözlədiyimiz oyunun tam əksini izlədik. Matça fərqli şəkildə hazırlaşmışdıq. Rəqib 10 nəfərlə qalanda da üstünlüyə malik idi. Belə pis oynadığımızı xatırlamıram. Buna çox üzüldüm”. Bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının III turunda doğma meydan da “Sumqayıt”la heç-heçə etdikləri matçdan sonra deyib.
O, futbolçuların gözlədiklərindən aşağı səviyyədə çıxış etdiyini söyləyib: “Neftçi” ilə görüşün ikinci hissəsində yaxşı oynamışdıq. Amma bu dəfə meydanda tam fərqli futbol gördük. Hücum barədə dediklərimin əksi oldu. Futbolçulara tapşırıb, oyuna kökləmişdik. Ötən tur məğlub olmuşduq, bu dəfə evdə qalib gəlməliydik. Amma sanki futbolçulara da nə isə olmuşdu”.
Gənc məşqçi futbolçularla ciddi söhbət edəcəklərini bildirib: “Matça baxıb, təhlil edib, oyunçularla fərdi, ciddi söhbət aparacağıq. Bunun bir çıxış yolunu tapmalıyıq. Üstünlüyün də rəqibdə olması məni düşündürür”.
