Ölkə futbolu

Səlahət Ağayev: “Qapıçılar arasında mehriban münasibət və sağlam rəqabət var”

16.01.2021 , 12:29

“Neftçi”nin qapıçısı Səlahət Ağayev klubun rəsmi saytına müsahibə verib. Uzun müddətdən sonra yenidən meydana çıxdığı üçün sevincini gizlətməyən Ağayev “ağ-qaralar”ın qapıçıları arasında mehriban münasibət və sağlam rəqabətin olduğunu bildirib:

– Əməliyyatdan sonra bərpa prosesini uğurla başa vurdun. Artıq komanda ilə birgə məşq edirsən. Uzun müddət sonra meydana çıxmısan. Toplanışdakı hər iki sınaq matçında iştirak etmisən. Xüsusilə “Keşlə” ilə oyunda çox inamlı idin və qapının toxunulmazlığını qorudun.
– Uzun fasilədən sonra meydana qayıtdığım üçün çox sevincliyəm. Komandamızın tibbi personalına da mənə göstərdikləri köməyə görə minnətdaram.

– Necə düşünürsən, əvvəlki formana tam qayıtmısan?
– Bu qədər fasilədən sonra formanı bərpa etmək çətin olur, amma düşünürəm ki, öhdəsindən gələ bilirəm. Qapıçılar üzrə məşqçimiz Etibar Tarıverdiyevə də təşəkkür edirəm ki, formaya düşməyim üçün əlindən gələni əsirgəmir.

– Özünü Aqil Məmmədovla rəqabətə tam hazır sayırsan?
– Öncə onu deyim ki, qapıçılar arasında mehriban münasibət və sağlam rəqabət var. Aqil Məmmədovla yanaşı, Kamran İbrahimov da əsas komandaya kömək etmək gücündədir. Əsas heyətdə kimin olacağına baş məşqçi və məşqçilər korpusu qərar verir ki, biz də o qərara hörmətlə yanaşırıq.

– Artıq gələn həftə çempionat bərpa olunacaq. “Səbail”lə oyundan nə gözləyirsən? Bu tur da liderliyi qoruya biləcəyikmi?
– Samir Abasovun gəlişindən sonra komandanın oyununda yaxşıya doğru dəyişikliklər var. Bu da onu deməyə əsas verir ki, sona qədər liderliyimizi qoruyacaq gücdəyik.

Son yazılar

Yuxarı