Ruslan Abışov “Rubin”in rəsmi saytına ilk müsahibəsini verib.
– Bakıda doğulmuşam və orda da boya-başa çatmışam. Böyük qardaşlarımla birgə yerli idman məktəbində məşq etmişəm. Ancaq peşəkar futbola yalnız mən gəlmişəm. Valideynlərimin verdiyi tərbiyə hazırda mənə çox kömək edir. Böyüklərə hörmət, məsuliyyət, əməksevərlik, özünü apara bilmək – bunların hamısı ailə bazasından gəlir.
– Bu keyfiyyətlərinə görə yekunda doğma “Neftçi”ndə çıxış etdin?
– Eynilə. Ancaq “Neftçi”nin əsas heyətinə yol mənim üçün birbaşa olmadı. Əvvəlcə gücümü Türkiyədə göstərdim. Hücumameylli oyunçu funksiyasında sol cinah müdafiəçisi kimi çıxış etməyə başladım. Tez-tez irəliyə cinahla qoşulurdum, sol ayağımla yaxşı oynayırdım. Daha sonra müdafiənin mərkəzində oynamışam. Ancaq indi mənim sevimli mövqeyim dayaq yarımmüdafiəsidir. Uşaq yaşlarımdan “Neftçi”nin əfsanələrini izləmək və onlarla ünsiyyət qurmaq imkanım olub. Buna qədər İsgəndər Cavadov və Mircəlal Qasımovla görüşmüşəm. Mən uşaq olarkən Nazim Süleymanov Türkiyə çempionatında oynayırdı.
– Niyə nəticədə Türkiyədən evə qayıtdın?
– Hazırda birinci dəstədə çıxış edən “Dənizlispor”da bir neçə ay keçirdim. İş burasında idi ki, Türkiyədə gənc oyunçuların peşəkar futbol komandasında oynaması üçün yerli vətəndaşlığı olmalıydı. Məhz bu üzdən vətənə qayıtmalı oldum. 14 yaşımda qərar verdim ki, futbol həyatımda əsas yeri tutacaq. 17 yaşında “Neftçi”nin əvəzedici komandasında çıxış edirdim. Artıq 18-dən 24 yaşa kimi isə əsas komandada oynadım.
– Bakıda olanda yeniyetmə yaşında çempionluğun ləzzətini hiss etdin…
– Bəli, 2 dəfə “Neftçi”nin heyətində Azərbaycan çempionu oldum. Ancaq bu yolun başlanğıcı çox ağır oldu. Məşqçiləri tez-tez dəyişirdilər. Həmin illərdə mən 9 çalışdırıcının rəhbərliyi altında oynadım! Sonra kluba yeni prezident rəhbərlik etməyə başladı, idarəçilik dəyişdirildi, başqa baş məşqçini gətirdilər və beləcə üzərimizdən qara buludlar çəkildi. “Neftçi”də çıxış etdiyim 3 il ərzində biz 2 titul qazandıq.
– Matçlardan hansını xüsusilə xatırlayırsan?
– Çempionlar Liqasının təsnifat mərhələsində Zaqreb “Dinamo”suna qarşı oyun maraqlı alınmışdı. Təəssüf ki, bizə növbəti mərhələyə keçmək qismət olmadı. Amma bizə ən güclü zərbə digər məğlubiyyət oldu. Belə ki, buna qədər Azərbaycan Kubokunun finalında məğlub olmuşduq (“Bakı” ilə oyunu nəzərdə tutur – red.). Bu, bizim ikinci çempionluğu qeyd etdikdən sonra aldığımız acınacaqlı məğlubiyyət idi. Mən şokda idim və elə narahat olmuşdum ki, uğursuzluğu başımdan çıxara bilmirdim. Zəfərə yaxın idik, ancaq kuboku başımız üzərinə qaldırmaq bizə qismət olmadı.
– Ola bilərmi ki, həmin məğlubiyyət sənin “Neftçi”dən getmək, daha sonra isə Rusiyaya gəlmək qərarına təsir edib?
– Mən Bakıdan Lənkərana getmişəm. Hansı ki son illərdə həmin şəhərdə iddialı klub və məşq prosesi üçün əla şərait var. Ancaq uşaq yaşlarımdan televizordan Rusiya çempionatına baxmışam və burda oynamağı arzulamışam. Hələ ötən ilin yayında mən Kazan komandası ilə birgə toplanış keçmişdim, ancaq onda “Xəzər Lənkəran” məni buraxmaq istəməmişdi. Onlar Kazana getməyimə veto qoymuşdu. Mənim üçün ikiqat o ağır oldu ki, payızda Avropa Liqasında “Rubin” və “Neftçi” bir qrupda mübarizə aparırdı. “Rubin”ə yayda keçmiş olsaydım, sabiq klubuma qarşı oynaya biləcəkdim! Mənə yalnız televizordan bu maraqlı görüşləri izləmək qalırdı.
– Bu illərdə sənin uşaqlıq arzun yerinə yetdi və sən Rusiya çempionatında oynayırsan. Düzdür, debütünü asan adlandırmaq olmaz…
– “Amkar”a qarşı matç çətin keçdi. Başlanğıcda biz yaxşı oynayırdıq, qələbəyə yaxın idik. Ancaq sonda oyunumuz pozuldu. Debüt üçün yaxşı matç deyildi. Ancaq ümid edirəm ki, inkişaf edəcəm və “Rubin”ə daha böyük xeyirlər verəcəm.
– Meydana çıxdıqdan sonra Rusiya futbolu haqda nə deyə bilərsən?
– Əlbəttə, kənardan oyunu qiymətləndirməklə meydandan oyunu dəyərləndirmək arasında böyük fərqlər var. Öz təcrübəmə əsasən əmin oldum ki, Rusiya çempionatı əla inkişaf edir və yüksək səviyyədədir. İndi mən istəyirəm ki, Rusiyada əlimdən gələni edim ki, burda ən yaxşı futbolumu göstərim.
– “Rubin” tezliklə yeni gözəl stadionunda oynayacaq.
– Bəli, mən televizor və fotolar vasitəsilə yeni “Kazan-Arena”nı görmüşəm. Mərkəzi stadion tezliklə keçmişdə qalacaq. İstərdik ki, artıq yeni mövsümdə yeni rahat arenamıza köçək.
– Ümumiyyətlə, Kazana necə uyğunlaşdız?
– Şəhər çox xoşuma gəlir. Hərçənd indi burda tikililər üzündən çoxlu tıxaca rast gəlmək olar. Ancaq iyulda Universiada ilə əlaqədar olan inşaat işləri tezliklə başa çatacaq və Kazanda sakitçilik olacaq. Ümumiyyətlə, Tatarıstan paytaxtında idmançıya yaşamaq rahatdır. Yeni idman obyektlərində isə beynəlxalq yarışları və Rusiya yığmasının matçlarını qəbul etmək olar.
– Yeri gəlmişkən, Rusiya və Azərbaycan yığmaları dünya çempionatının seçmə mərhələsində bir qrupa düşüb.
– Qrupumuz çox güclüdür və Rusiya millisi hazırda aşkar favoritdir. Fikrimcə, ruslar irlandları səfərdə məğlub edəcək. Ancaq onlara Portuqaliyada çətin olacaq. Fikrimcə, rusları ən çətin matç Azərbaycanda gözləyir. Yadınızdadırsa, bir neçə il öncə yığmalarımız Bakıda oynadı və həmin vaxt 1:1 hesabı qeydə alındı.
– Azərbaycan yığmasında artıq bir neçə ildir ki, Berti Foqtsun rəhbərliyi altında oynayırsız. Ölkənin əsas komandasında debütün və alman mütəxəssisin işi haqda danışardın.
– Hazırda yığmada 32 oyunum var, debütüm isə 2009-cu ildə Finlandiyaya qarşı olub. Gənc futbolçunun inkişafı üçün belə beynəlxalq təcrübə çox lazımdır. Axı mən digər ölkələrdə yeni stadionlar, yüksək səviyyəli futbolçular və azarkeşlər görmüşəm. Bütün bunlar dünya görünüşümü artırdı və mənə inkişaf etməyə imkan verdi. Top yığmalarla matçlar isə mənə lazımi təcrübə qazandırdı. Baş məşqçi mənəbir neçə dəfə kapitan sarğısını etibar etdi. Berti Foqts yığmamızı yeni səviyyəyə çıxartdı. Alman mütəxəssis bizə daha çox öz üzərimizdə fərdi qaydada işləməyi, güclü çempionatlarda oynamağı tövsiyə edir. Foqts hesab edir ki, yığma legionerlərin və onların beynəlxalq təcrübəsi hesabına inkişaf edə bilər. Mən də sonda onun məsləhətinə qulaq asaraq Rusiyada çıxış etməyə yollandım.