Rüfət Dadaşov: “Azarkeşləri heç cür başa düşmürəm”
15.10.2018 , 09:11

“Məncə, bu gün yaxşı oynadıq. Çoxlu qol epizodları da yaratdıq. Sadəcə, şanssızlıq oldu. Maltaya elə də şans vermədik. 1-2 hücuma qol vurdular. Bir sözlə, top qapıdan keçmək istəmirdi”. Bu sözləri millimizin hücumçusu Rüfət Dadaşov Millətlər Liqasının qrup mərhələsinin IV turunda Malta ilə 1-1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.
28 yaşlı futbolçu yığmamızın qrup lideri olmaq üçün şanslarının olduğunu vurğulayıb: “Şanslarımız qalır. Son iki oyunda maksimum üçün çalışacağıq. Heç nə bitməyib. Yaxşı oynadığımızı sübut etdik”.
Uzun müddət sonra milliyə dəvət alan Dadaşov 4 il öncə Malta ilə dubl etdiyi oyun barədə danışıb: “Uzun müddətdən sonra milliyə dəvət aldım və iki oyuna çıxdım. Öz oyunumu normal qiymətləndirirəm. Məncə, 4 il əvvəllə müqayisədə bu gün Maltaya qarşı daha yaxşı oynadıq. Ancaq futbolda belə hallar olur. Yaxşı oynasan da, qalib gələ bilmirsən”.
Rüfət Berti Foqtsun dönəmi ilə indiki vaxtı müqayis etməyib və Qurban Qurbanovun uğur qazanmaq üçün əlindən gələni etdiyini söyləyib: “Baş məşqçimiz çalışır. Biz də oyunlara yaxşı hazırlaşırıq”.
Dadaşov oyunda yeganə qolun ötürməsini verən Mahir Mədətovun azarkeşlər tərəfdən fitə basılmasına mübasibət bildirib: “Azarkeşləri heç cür başa düşmürəm. Onlar niyə Mədətovu fitə basırlar? Yaxşı oyun keçirdi. Mahir yaxşı futbolçudur”.
