UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Neftçi"nin rəqibi olan "Rubin" Rusiya Premyer Liqasında "Mordoviya" üzərində növbəti qələbəsini qazanıb – 3:1.
Korner.az-ın məlumatına görə, Kazan təmsilçisinin baş məşqçisi Kurban Berdıyev səfərə 5 aparıcı futbolçusunu aparmayıb. Saranskdakı qarşılaşmaya Gökdəniz Karadəniz, Salvatore Boketti, Karlos Eduardo, Roman və Aleksey Yeryomenko qardaşlarının aparılmamasına səbəb göstərməyən Berdıyev: “Onlar Bakıda “Neftçi”yə qarşı oynaya biləcəklərmi” sualına belə cavab verib: “Mən rəqiblərimizə əlavə informasiya verməmək üçün bu barədə danışmayacağam. Bəli, zədəlilərimiz var. Lakin onların Avropa Liqası matçına hazırlıq səviyyəsinə noyabrın 6-dan tez aydınlıq gəlməyəcək”.
Qeyd edək ki, “Neftçi” – “Rubin” matçı noyabrın 8-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlanacaq.
