Rusiyanın “Rubin” klubunun baş məşqçisi Kurban Berdıyev müsahibəsində Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun komandasında ilk oyuna çıxmasından, eləcə də şanslarından danışıb.
– Abışovun cəmi 28 dəqiqə oynaması bizim üçün bir qədər təəccüblü oldu…
.
– Mənim üçün isə yox. Biz bilirdik ki, o, yarım saatdan çox oynamayacaq. Çünki məşqçilər korpusu onsuz da Ruslanın nəyə qadir olduğunu bilir.
– “Rubin” Abışovla nə vaxt müqavilə bağlayacaq?
– Kazanda tibbi müayinədən keçəndən sonra hər şeyə aydınlıq gələcək.
– Amma biz bildiyimizə görə, Abışov baxışa yox, birbaşa müqavilə bağlamağa gəlmişdi…
– Belə də demək olar. Amma tam yox. Necə də olmasa, tibbi müayinə və digər məsələləri yoluna qoymaq lazımdı.
– Abışov “Rubin”də kimi əvəzləyəcək?
– Abışovda ən müsbət keyfiyyətlərdən biri onun çoxfunksiyalı futbolçu olmasıdı. Çünki müxtəlif mövqelərdə oynaya bilir. Onun kimi əvəzləyəcəyi isə işin gedişində bəlli olacaq.
– Düşünmürsüz ki, onun yeni komandasına uyğunlaşmaqla bağlı problemi ola bilər?
– Biz onu uzun müddətdi izləyirik. Oyunlarına baxırdıq, maraqlanırdıq. Bütün lazım olan informasiyaları əldə etmişik. Yaxşı, keyfiyyətli oyunçudu. Problem olmamalıdı.
– Onu təxminən nə vaxtdan izləyirdiniz?
– İl yarım olar. Bizə qarşı yoxlama oyunu keçirdiyi dövrdən etibarən.
– Digər azərbaycanlı futbolçularla maraqlanmırsız?
Mənim bu barədə müəyyən fikirlərim var. Ad çəkmək istəmirəm. Amma gələcəkdə mümkündü ki, daha bir azərbaycanlı futbolçu ilə güclənək.
