Madrid “Real”ının ulduz futbolçusu Kriştianu Ronaldonun aprelin 16-da “Barselona”ya qarşı keçiriləcək kubokun finalında oynayıb-oynamayacağına aydınlıq gəlib.
Korner.az-ın məlumatına görə, ötən gün “Kral klubu”nun prezidenti Florentina Peres tibbi personal və Ronaldonun iştirakı ilə iclas keçirilib.
Həkimlərin məruzəsindən sonra Peres Ronaldonu kubokun finalını buraxmağın daha məqsədəuyğun olduğuna inandırmağa çalışıb. Başqan potuqaliyalı vingerə Çempionlar Liqasının yarımfinalı çərçivəsində “Bavariya”ya qarşı oyunlarda iştirakının daha vacib olduğunu deyib və İspaniyanın “El Konfidensial” nəşrinin iddiasına görə, Kriştiano onunla razılaşıb.
Qeyd edək ki, bir müddət əvvəl 29 yaşlı futbolçunun 15 gün yaşıl meydanlardan kənar qalacağı bildirilsə də, Ronaldo “Barselona”ya qarşı Valensiyada keçiriləcək görüşdə oynamaqda israr edirdi.
