“Əlimizə düşən fürsətlərdən istifadə edə bilmirik. Bu, hər oyunda buraxılan səhvdir”.
Korner.az-ın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının “Qəbələ” – “Neftçi” matçından sonra meydan sahibi komandanın baş məşqçisi Roman Qriqorçuk “CBC Sport”a açıqlamasında deyib.
Ukraynalı çalışdırıcı hər oyunda fövtə verilən qol imkanlarına görə komandanın gərginlik yaşadığını sözləyib: “Qol imkanlarını sağa-sola xərclədikcə əsəb keçirir, əlavə enerji itiririk. Təəssüflənir, əsəbiləşir, konsentrasiyamızı pozuruq. Hər oyunda əla hücumlar təşkil edirik, ancaq yararlana bilmirik. Bugünkü oyunda müdafiədəki səhvlərimiz sistematik deyildi. Rəqib bütün təhlükəli hücumlarını əks-hücumda qurmuşdu, bunu gözləyirdik. Kubok oyununa psixoloji hazırlığa gəlincə, düşünmürəm ki, yarımfinalın ilk oyununda yaxşı nəticə qazanıb ikinci oyunda da daha yaxşı nəticəylə finala yüksəlmək istəməyən futbolçu olsun. Bu ki, uğurdur, bütün idmançıların istədiyi uğur. Kubokun yarımfinalının ilk oyunundan sonra hakim səhvləri haqqında danışmaöğım sadəcə o oyunla bağlı deyildi. Bu, onlarla o cür səhv ucbatından itirdiyimiz xallara görə idi”.
