Futbol

Roberto Bordin: “Komanda udar da, uduzar da”

15.09.2019 , 23:04

Azərbaycan Premyer Liqasında IV turun “Qarabağ” – “Neftçi” (2:0) oyunundan sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırıb.

Korner.az xəbər verir ki, baş məşqçi əvvəlcə görüş barədə fikirlərini bildirib.

– İstədiyimiz oyun alınmadı. Çünki istədiyimiz oyunçular oynaya bilmədilər. Hesab 0:1 olanda qol vəziyyətləri yaratdıq. Bərabərliyi təmin edəcəyimiz zaman ikinci topu buraxdıq. Hesab 0:2 olduqdan sonra irəli atıldıq və rəqibə əks-hücumlar qurmağa şərait yaratdıq. Buna baxmayaraq, təhlükəli vəziyyətlər yaratdıq. Əlbəttə ki, “Qarabağ” kimi komandaya qarşı 90 dəqiqə yüksək tempdə oynamaq laızmdı. Başqa cür onlara qarşı çətindi. Buna baxmayaraq, rəqibi narahat etməyə çalışdıq. Komandam hər zaman qol buraxandan sonra ayılır. Bilmirəm, bu, nədən qaynaqlanır.

– Rəqib qapıçı Asmir Beqoviç 5 epizodda künc zərbəsindən gələn hava topunu rahatlıqla götürdü. Buna alternativiniz yox idi?
– Biz də istəməzdik ki, bütün hava toplarını asanlıqla götürsün. Sadəcə, künc zərbəsidi. Futbolçu topu içəri ötürəndə fikirləşir ki, bizim oyunçularımız götürəcək. Yaxşı asmalarımız da oldu. Deməzdim ki, bütün belə epizodlarda rəqib rahatlıqla topu götürdü. Petrovun, Geryenin yaxşı zərbələri var idi.

– “Qarabağ”a uduzan bütün komandalar onların səviyyəsini qabardır. Ancaq “Neftçi” çempionluğa oynayır, digərləriylə fərqiniz olmalıdı…
– Bunu demək normaldı. Bilirik ki, “Qarabağ” hansı gücdədi. Onların həm büdcə, həm heyətinə görə hansı səviyyədə olduğu bəllidi.
– Fikirləşmirsiz ki, “Neftçi”dəki uğursuz karyeranız məşqçi imicinizə zərbədi və hansısa radikal addımı atmalısız?
– Mənim məşqçilik və futbolçu karyeramı yaxşı bilirsiz? Peşəkaram, işimi də 100 faiz görməyə çalışıram. Komanda udar da, uduzar da. Karyerama zərbə gələcəyini deyə bilmərəm.

– Oyundakı epizodları, “Qarabağ”ın statistikasını bilirik. Amma siz bizə məğlubiyyətin səbəblərini, bizim bilmədiklərimizi deməlisiz. “Neftçi” hədəflərini dəyişib?
– Keçənilki kimi hədəfimiz çempionluqdu. Ötən mövsüm bunu nümayiş etdirdik. Sona qədər intriqanı qorumuşduq. Bu il çempionata istədiyimiz kimi başlamasaq da, bu, o demək deyil ki, məqsədimizi dəyişmişik. 1 ay əvvələ qayıtsaq, komandam “Arsenal”a qarşı iki yaxşı oyun keçirmişdi. Çalışıram, komandamı həmin vəziyyətə qaytarım, futbolçularımız daha istəkli olsunlar, ürəklə oynasınlar. Bu gün həmin istək çatışmırdı. 1 ay əvvəlki komandanı qaytarmaq istəyirik.

– Sizə elə gəlmir ki, iki hücumçulu sistemə tez keçib meydanın mərkəzini “Qarabağ”ın güclü yarımmüdafiə xəttinə təhvil verdiz?
– Deməzdim, 2 hücumçu ilə oynadıq. Dabo ilə Raufa Miçeli bağlamaq tapşırığı vermişdim. Onlar tez-tez mövqelərini dəyişirdilər. Hücim fazasında isə məcbur idim ki, hər ikisini önə buraxım.

Son yazılar

Yuxarı