“River Pleyt” – “Boka Xuniors” derbisi yenə dava-dalaşla bitdi: 7 qırmızı vərəqə!
08.05.2023 , 10:28

Dünyanın ən böyük derbilərindən hesab edilən “River Pleyt” – “Boka Xuniors” qarşılaşması yenə kütləvi dava-dalaşla bitib.
Korner.az xəbər verir ki, Argentina çempionatının 15-ci turu çərçivəsində keçirilən görüş “River Pleyt”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda yeganə qolun müəllifi Migel Borxa olub. O, 90+3-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. Bundan sonra meydanda kütləvi dava düşüb, nəticədə 7 qırmızı vərəqə göstərilib: “River Pleyt”dən 3 futbolçu (onlardan ikisi meydanda olmayıb), “Boka Xuniors”dan 3 futbolçu və bir məşqçi cəzalandırılıb.
Dava-dalaş səbəbindən matç 19 dəqiqə gec bitib.
“River Pleyt” 37 xalla liderdir. Komanda ölkə çempionatındakı məğlubiyyətsizlik seriyasını 10 oyuna çatdırıb. “Boka Xuniors” isə 18 xalla 13-cü pillədə qərarlaşıb.
