Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.
Korner.az-ın məlumatına görə, bu gün Yunan-Roma güləşində ölkəmizi 66 kq çəkidə təmsil edən Rəsul Çunayev mötəbər turnirdə debüt edib.
Avropa və dünya çempionumuz mübarizəyə 1/16 finaldan start verib. O, ilk cəhdində kubalı Migel Palasio Martinezlə münasibətinə aydınlıq gətirib. Görüş həmyerlimiz üçün uğursuz başlasa da, Çunayev məğlubiyyətdən qaça bilib. Pəhlavanımız 0:2 hesabı ilə geridə olduğu görüşü 4:2 hesabı ilə xeyrinə bitirib.
Rəsulun 1/8 finalda rəqibi rusiyalı İslambek Albiyev olub. Bu döyüş də həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Çunayev yenə də 0:2 hesabı ilə geri düşməsinə baxmayaraq, rəqibini 3:2 hesabı ilə məğlub edib.
Güləşçimiz 1/4 finalda Tarek Aziz Benaissa (Əlcəzair) ilə üz-üzə gəlib. Qarşılaşma həmyerlimizin təmiz qələbəsi ilə yekunlaşıb. Rəsul görüşün taleyini ilk hissədə həll edib – 10:2.
O, finala gedən yolda erməni Miqran Arutyunyanla güləşib. Rəsul bu görüşdə 1:3 hesabı ilə uduzub.
Təmsilçimiz bürünc medal uğrunda koreyalı rəqibi ilə qarşılaşıb və bu görüşdə 8:0 hesabı ilə qalib gəlib.
