Normal günlərdən biri idi. Səhər həmişəki qaydada yuxudan duran kimi ilk işim “zəngin” mətbuatımızda “gəzmək” oldu. Baxdım, manşetləri Reynaldonun şəkilləri bürüyüb. Başlığı oxumadan düşündüm ki, yəqin “Qarabağ”ın Avroliqadakı çıxışı barədə açıqlama verib. Düzdü, açıqlama vermişdi. Amma “Qarabağ” haqda yox. Başlıqda gözümə AFFA sözü dəydi. Maraqlı gəldi…
Nəhayət, xəbəri açdım. Xəbərin “lid”ini həmişəki kimi ötürdüm. Əsas məsələ ilə tanış oldum. Deyirdi ki, Reynaldo milliləşdiriləcək. Bunu təxmin etmək olardı, əslində. Sonra Reynaldonun Azərbaycan millisində oynamağa müsbət baxdığı deyildi. Baxacaq da, qardaş. Braziliya yığmasında oynamacaq ki. Bu yazıq da millidə oynamaq hissini yaşamaq istəyib də. Nə isə…
Gündəmi zəbt etmişdi bu xəbər. Sosial şəbəkələrdə gündəmdə olan mövzular yaxşı müzakirə olunur. Buna görə də, feysbukun məhşur səhifələrində camaatın bu məsələyə fikirləri ilə tanış oldum. “Reynaldo Azərbaycanı sevir”, “Nazarovdan ki yaxşıdı”, “Reynaldo gəlsə, Azərbaycan görmədiyi günə çıxar” və bu tip şərhlər vardı.
Razıyam, Reynaldo səviyyəli futbolçudu. Amma komandanı təkbaşına uğura daşımaq gücünə malikdimi? Bu qalır sual altında. Reynaldonun milliyə uğur qazandırması haqda mübahisəni daha sonra edəcəm.
Bir məqam var: Reynaldonun “azərbaycanlılaşdırılması”… FİFA deyir ki, milliləşdirmə üçün soy-kök bağlılığı olmalıdı, Reynaldonun bağlılığı yoxdur. Heç burda 5 il də oynamayıb ki, FİFA-nın başını aldatmadan milliləşdirək. Qaldı “ənənəvi, azərbaycanlısayağı” yol.
Otüstü xokkey üzrə qızlardan ibarət yığmamızın əhvalatı yadınızdadı? Bax, o yolu deyirəm. Biz 15 civarında koreyalını bir gecədə azərbaycanlı kişilərə ərə verib “azərbaycanlılaşdıran” toplumuq, “arkadaş”. Bu təcrübədən sonra AFFA üçün Reynaldonun milliləşdirilməsi “su içmək” kimi bir şeydi.
Keçək Reynaldonun Azərbaycan yığmasına xeyrinin olub olmayacağına. Təbii ki, olacaq. Müzakirə etmək yersizdi. Onun oyununu “Qarabağ”ın heyətində gördük. Amma milliləşdirilmənin daha da orjinal alınması üçün Reynaldonu sünnət eləmək də lazımdı. Təsəvvür elə, müsəlman olar, ağ xələtdə Məkkədə “selfie” çəkdirib internetdə paylaşar. “Layk” dalınca “layk”. Pəhhh! Ölmürükmü belə şeylərdən ötrü…
P.S. Sünnətdən sonra əl atmışkən adına da əl atın bu oğlanın. Uzundu, qısaldın, milli olsun…
İlkin Məmmədov
