Milinko Pantiç “Bakı”nın baş məşqçisi vəzifəsinə təyin olunub. Serbiyalı mütəxəssis “zolaqlılar”ın təklifini müsbət cavablandırıb. Klubun rəsmi saytının verdiyi xəbərə görə, ilk səfərində mütəxəssis Bakıda bir neçə gün qalaraq, klubla və qarşıdakı planlarla yaxından tanış oldu.
Korner.az-ın məlumatına görə, iyunun 14-də isə yenindən Azərbaycana qayıdaraq, “Bakı”nın sükanı arxasında durdu və bu işdə bütün səlahiyyətlər ona verildi. “Razlıq verməkdə bir qədər yubandım. Amma “Atletiko”ya gələndən və Miqel Anxellə görüşəndən sonra yox deyə bilməzdim. Bu, qardaş klubla nəzərdə tutulan olduqca böyük və maraqlı layihədi. Həmin layihə gələcəkdə daha da inkişaf etdirilməlidi. Mən də ümumi işə kömək etmək üçün burdayam. Şübhəsiz ki, bu layihə mənim üçün də təcrübə artırmaq baxımından bilavasitə önəmli olacaq” – deyə Pantiç bildirib. “Atletiko”nun keçmiş qəhrəmanı bir zamanlar bu komandanın heyətində qızıl dubla imza atıb. İndi isə mütəxəssis “Bakı” ilə 1 illik müqavilə bağlayıb. Bu işdə ona Jayme Felipe Monro və Mario Fernandes kömək edəcək. Pantiç adları çəkilən şəxslərlə “Atletiko” Fondunda da birgə çalışırdı. “Görülməli olan çox iş var. Bura cümə günü gəldim və vaxt itirmədən layihəni icra etməyə başladım. Gündə 24 saat çalışırıq. Etiraf edim ki, bir çox şey dəyişilməlidi. Daha yüksək inkişafa nail olmaq üçün çalışmalıyıq. Biz kluba yaxın olan insanlarla (həkimlər, geyim meneceri, fizioterapevtlər və s.) söhbət etdik və onlarla müəyyən müzakirələr apardıq. Hər kəs inkişaf etmək istəyir və məqsədə nail olmaq üçün mübarizə aparmağa hazırdı. Mən çox pozitiv bir insanam və inanıram ki, biz buna nail olacağıq. “Atletiko” mənə etimad göstərdiyini bir daha nümayiş etdirdi. Zənnimcə hər iki komanda bu əməkdaşlığı və nəzərdə tutulan layihəni özünəməxsus iş prinsipi və fəaliyyəti ilə fərqlənən insana həvalə etmək istəyir” – deyə baş məşqçi sözlərinə əlavə edib. “Atletiko”da gənclərlə çalışan Pantiç həmçinin “Bakı”nın yeniyetmə və gənc oyunçularına futbolun sirlərini öyrədən məşqçilərə nəzarəti də öz üzərinə götürüb: “Hələ ki, “A” komandası ilə məşğuluq. Lakin biz akademiyada çalışan insanlara da ciddi yanaşmalıyıq. Çünki gələcək uğurlara aparan yol məhz ordan başlayır. Buna görə də, imkan dərəcəsində çalışacam ki, gənclərdən ibarət komandaların bütün məşqlərini və oyunlarını izləyim. Hazırda yeddi gənc futbolçu əsas komanda ilə birgə çalışlr. Odur ki, hər kəsin işini qiymətləndirmək üçün kifayət qədər vaxtımız var”. Pantiçin qarşısında duran əsas məqsəd həmçinin bu layihə çərçivəsində ortaya çıxan bütün məsələlərə aydınlıq gətirməkdi: “Öncə səmərəli iş planı qurmalı və hər şeyi sıfırdan başlamalıyıq. Mən burada olan ən yaxşı oyunçuları seçmək üçün onları meydanda görməliyəm. Bəzi furbolçular milli komandanın düşərgəsindədi və iyulun 18-də bizə qoşulacaqlar. Buna görə də tələsik qərar vermək istəmirəm. Əminəm ki, hazırda İspaniyada olan əksər futbolçular da bu möhtəşəm layihənin tərkib hissəsi olmaq istəyirlər”.
Pantiç Milinko (Tərcümeyi-hal)
Milinko Pantiç Smilyaniç 5 sentyabr 1966-cı ildə, keçmiş Yuqoslaviyanın Loznitsa şəhərində dünyaya göz açıb. O, 1995-1996-cı illər mövsümündə İspaniyanın “Atletiko” komandasında çıxış edib. Futbolçu kimi peşəkar karyerasına isə Yuqoslaviyanın “Yedinstvo” kollektivində başlayıb, daha sonra paytaxtın “Partizan” klubuna transfer olunub. “Atletiko”da nümayiş etdirdiyi möhtəşəm performansdan öncə, Pantiç Yunanıstanın “Panionis” klubunda mükəmməl çıxışı ilə tarixi iz qoyub. O, klubda keçirdiyi 4 mövsüm ərzində hər il ən sərrast futbolçu adına layiq görülüb. Tezliklə “Atletiko”ya transfer olunur. Həmin tarixi hadisədən 17 il ötməsinə baxmayaraq, Pantiçin indiyə qədər “zolaqlılarla” möhtəşəm dostluq əlaqəsi var. “Atletiko”nun 1995-1996 illər mövsümündə qızıl dublla yadda qalmasında Pantıçın böyük rolu olub. Onun möhtəşəm otürmələri, cərimə zərbələri və uzaq məsafədən qapıya endirdiyi mükəmməl zərbələr hələ uzun müddət azarkeşlərin yaddaşından silinməyəcək. 1999 ildə “Atletko”nun sıralarını tərk edən Pantiç komandada olduğu müddət ərzində 139 oyunda meydana çıxıb və 38 qola imza atıb. 2000-ci ildə isə o, ümumiyyətlə karyerasını bitirmək qərarına gəlib. Lakin doğma komandasından ayrıla bilməyən artıq veteran futbolçu 2003-cü ildə yenidən kluba qayıdaraq, “Atletiko Madrid”in tərkibində gənclər və yeniyetmələr üçün yaradılan məktəblərin texniki idarəetmə qrupuna başçılıq edib. O, bu vəzifədə 7 il çalışıb. Müəyyən təcrübə yığdıqdan sonra isə həyatı boyu arzuladığı məşqçilik fəaliyyətinə başlayıb. Lakin bu işlə paralel fiziki formasını da saxlamağa çalışan Pantiç tez – tez klubun veteranlardan ibarət komandasında çıxış edir, keçmiş illəri yada salırdı. Nəhayət, 2011-ci ilin may ayında Milinko Pantic “Atletiko”nun “B” komandasının baş məşqçisi təyin edilir. Bu vəzifədə o, Antonio Rivası əvəz edir. Pantiçin təqdimat mərasimi “Visente Kalderon” stadiounun VİP zalında baş tutub. Son illər “Atletiko”nun “B” komandasında əldə etdiyi uğurlar, ardınca isə “Bakı”nın baş məşqçisi postunda son 8 il ərzində qazandığı nailiyyətlər onun bacarığından və imkanlarından xəbər verir.
