İnanmıram ki, "istefa" şüarlarını səsləndirənlər əsl "Qarabağ" fanatları olsunlar
"Qarabağ"ın futbolçusu Rauf Əliyevin Korner.az-a müsahibəsi
– Rauf ilk olaraq dünənki "Neftçi" məğlubiyyəti haqda nə deyərdin?
Gərgin oyun alındı. Komanda çox güclü hazırlaşmışdı bu oyuna. Çalışırdıq ki, "Neftçi"ni məğlub edib, onların bizim üzərimizdəki uzunmüddətli qələbə seriyasını qıraq və avrokuboklara getmə yoluna böyük addım ataq. Hesabı açan tərəf biz olsaq da, heyif ki, sonda məğlub tərəf də biz olduq.
– Əsas heyətdə meydana çıxmamışdın. Komanda isə qazanılan imkanları sağa-sola xərcləyirdi. Belə anlamaq olur ki, sənin baş məşqçi ilə problemin var…
Əslində deməzim problem var… Sadəcə hamı bilir ki, baş məşqçimiz hər oyunda bir yenilik edir. Bu dəfə də ehtiyatda qaldım və oyunun sonlarına yaxın meydana girsəm də, vaxt az idi. Ümumilikdə isə məşqçimiz inanırdı ki, qol vuracağıq. Ona görə də məni meyda buraxmırdı.
– Hər şey qaydasında gedərkən komanda son turlarda vacib xallar itirir. Bunu nə ilə əlaqələndirərdin?
Kubok oyununda "Bakı"ya uduzub finala çıxa bilməməyimiz bizə pis təsir etdi. Çalışırıq ki, belə məğlubiyyətləri tez unudub qələbələr qazanaq. Ancaq alınmır ki, alınmır…
– "Xəzər Lənkəran"ın 6 xalı qaytarıldıqdan sonra fikirlər səsləndi ki, FİFA düzgün qərar verməyib və siz bunun müqabilində 4-cü pilləyə yuvarlandız…
Düzdü xalları qaytarıldıqdan sonra biz geri düşdük. Lakin bizim şanslarımız var idi. Bunlardan istifadə edə bilmdəikdən sonra, başqa bir problem axtarmaq lazım deyil.
– "Qarabağ"ın avrokubok şanslarını necə dəyərləndirirsən?
-Düzdü, şansımız az qalıb. Ancaq özümüzə inanırıq. Hər il Azərbaycan avrokuboklarda uğurla təmsil edən "Qarabağ" bu il də çalışacaq ki, Avropa arenasına çıxsın.
– "Neftçi" məğlubiyyətindən sonra azarkeşlər baş məşqçinizi istefaya səslədi…
Bu düzgün bir şey deyil. Bizim azarkeşlər pis öyrənib ki, uduzan kimi istefa qışqıralar. Daha fikirləşmirlər ki, keçən il də bu məşçqi idi komandaya avrokuboklarda uğurlar qazandıran. İki-üç oyun uduzduqdan sonra belə şüarlar səsləndirmək düzgün deyil. Mən inanmıram ki, "istefa" şüarları səsləndirənlər əsl "Qarabağ" fanatları olsun.
– Yayda komandanı tərk etmək variantı varmı?
Hələ bu haqda heç nə deyə bilməyəcəm. Mənim hələ 1illik komanda ilə müqaviləm var.
– Qarşıdan "İnter"lə oyun gəlir. Bu oyunla bağlı nə deyərdin?
Çətin oyun olacaq. Lakin hər şey öz əlimizdədi. Qalib gələcəyimizə inanırıq. İnam var ki, avrokuboklara gedəcəyik. Komandada əhval-rühiyə düzəlsə, hər şey qaydasında gedəcək. Bundan sonra qələbələr qazanmaq mümkün olacaq.
Səxavət QURBANOV