“Xəzər Lənkəran” Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin dünən “Xəzər” TV-də klubun rəhbərliyinin ünvanına səsləndirdiyi fikirlərə cavab verib.
Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu “Qafqazinfo”ya açıqlamasında Ramin Musayevin iddialarının gülməli olduğunu deyib:
“Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev üzərinə gələn bu qədər ciddi iradı çıxıb televiziyada kimlərinsə üzərinə atmaq məcburiyyətində idi ki, belə də etdi. Çünki PFL ölkə futbolunda növbəti biabırçılığı ört basdır etmək istəyir. Ramin bəy deyir ki, klub rəhbərliyi harada idi? Mən də ondan soruşmaq istəyirəm, Neftçi klubunun bütün rəhbərliyi meydanda idi. Neylədilər ki? Məgər onların gözü qarşısında Xəzər Lənkəran futbolçuları döyülmədi?
Klub rəhbərliyi meydanda yaranan dava-dalaşa cavabdeh deyil. Cavabdeh olan PFL-dir və PFL-də bunun öhdəsindən gələ bilmədi. Nizamnamə və Əsasnamə var. Ramin bəy bizə göstərsin ki, harada yazılıb ki, ölkə kubokunun finalında təhlükəsizliyi qonaq komanda qoruyur. “Xəzər Lənkəran” finalın bu səviyyədə alınmasına ən böyük töhfəsini Lənkərandan Bakıya gətirdiyi minlərlə azarkeşi ilə, gözəl bannerləri, hazırladığı proqramla verdi. Əvəzində PFL bizə nə verdi-şillə, təpik, yumruq.”