Milli

Ramil Şeydayev: “Qolum gözəl alındı, ancaq nəticə gətirmədi”

22.03.2019 , 10:15

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya yığmasına səfərdə 1:2 hesabıyla uduzduqları matçdan sonra müsahibə verib.

 

Korner.az millimizin yeganə qolunun müəllifi olan 23 yaşlı hücumçunun müsahibəsini təqdim edir:

 

– Son mundialın vitse-çempionuyla oyun necə keçdi?

– Uduzduq, fərqi yoxdu, rəqib dünya çempionatının gümüş medalçısıdı və ya başqasıdı. Sadəcə, yenildik və hesabımızda xal yoxdu. Üzücüdü.

 

– Qoldan öncə fərqlənmək imkanın oldu…

– Sadəcə, onda vura bilmədim, sonra fərqləndim. İlk epizodda rəqib qapısına yol tapmalı idim. Ancaq bunu etsəydim, ola bilər ki, ikinci epizod, hansı ki qolla nəticələndi, olmaya bilərdi. Ancaq normaldı.

 

– Onu da qeyd edək ki, vurduğun qol gözəl alındı. 

– Bəli, gözəl alındı. Ancaq nəticə gətirmədi.

 

– O mənada baxımlı alındı ki, Almaniyaya vurduğun qol kimi idi…

– Qol qol olaraq qalır.

 

– Dördüncü oyundu ardıcıl qol vurusan. Nə deyə bilərsən? Artıq relsə düşürsən?

– Şadam ki, yenə qol vurdum. Ancaq bu qol əvvəlki 3 qolumdan fərqli nəticə gətirmədi. “İkinci “nömrə”ylə oynasaq da, oyuna görə xal qopara bilərdik. Faisləyə cəmi 1 dəqiqə qalmış qol buraxdıq.

 

– Yəni məğlubiyyətə layiq deyildiniz?

– Bunu demək çətindi. Sadəcə, gedişata görə meydandan 1 xalla ayrıla bilərdik. Əlbəttə, dünyanın ikinci komandasına qarşı bütün oyunboyu müdafiə olunmaq çətindi. Məğlubiyyətə layiq olub-olmadığımızı demək olmaz. 90 dəqiqə müdafiə olunduq, iki qol imkanımız oldu.

 

– Komanda yoldaşların oyundan dərhal sonra rəqibin futbolçuları ilə formalarını dəyişdirdilər. Bəs sən kiminləsə dəyişdirdin?

– Yox. Bu, mənlik deyil. (sport24.az)

Son yazılar

Yuxarı