ANS TV-də “Şəbəkə” verilişinin aparıcısı Rahil Sayadoğlunun korner.az saytına müsahibəsinin II hissəsi.
(Qeyd edək ki, müsahibənin I hissəsini burdan oxuya bilərsiz)
-Bəs yaxşı səncə, “Yuventus”a verilən cəza ədalətli idi?
-Ümumiyyətlə, İtaliya dünyada bir mafiya ölkəsi kimi tanınır. Ona görə də mən orda, belə qanunsuzluqların, fırıldaqların baş verməsini istisna etmirəm. Ola bilər ki, həqiqətən belə bir hadisə yaşanıb. Mən bunu mühakimə edə bilmərəm ki, yalandır və ya doğrudur. Hər halda mən bunu onların insafına buraxıram. Amma güman edirəm ki, qərar haqlı olub. Çünki “Yuventus” da elə-belə komanda deyil. Bu klub İtalyanın tarixi deməkdir, əgər haqsızlıq olsaydı bu İtaliya Futbol Federasiyasının öz tarixinə qarşı hörmətsizliyi olardı. Yəqin ki, bir fırıldaq baş verib ki, bu cəzanı uyğun görüblər.
-Amma yəqin ki, qeyri-qanuni yollarla qazanılmış çempionluq heç bir “Yuventus” azarkeşinə lazım deyil…
-Təbii ki. Əgər belə bir qələt, yəni səhv ediblərsə, layiqli cəzalarını da aldılar.
-“Şəbəkə”də bilavasitə idmanla bağlı reportajlara nə dərəcədə maraq göstərirsən?
-Çalışıram ki, bu məqamı “Şəbəkə”də diqqət mərkəzində saxlayım. Bizim verliş axşam saat 11-də efirə gedir və tamaşaçı auditoriyası da fərqlidir. Bizə qadın da, kişi də, daha çox isə gənclər baxır. Ona görə çalışıram ki, hər zövqə uyğun material hazırlayaq. Məsələn, mətbəxlə bağlı sujetlər təqdim edirik ki, qadınların, futbolla, idmanla bağlı görüntülər veririk ki, kişi tamaşaçıların marağını cəlb edək. Eyni zamanda gənclərin “damarını tutacaq” mövzular işləyirəm ki, onlar da bezməsinlər.
-Son -5-6 ildə ölkəmizdə “Real” (Madrid) və “Barselona” azarkeşliyi pik səviyyəyə çatıb. Səncə, bu da populyar mədəniyyətin cəmiyyətə aşıladığı ünsürlərdən biridir?
–Bu son zamanlarda tək Azərbaycanda yox, bütün dünyada belədir. Təsadüfi deyil ki, dünyada ən çox yayımlanan, diqqət çəkən matç “El-Klasiko”dur. Bu dünyada bir trenddir və Azərbaycanda da belə olması təbiidir. Sözügedən klublar dünya səviyyəsində nəhəng və brenddirlər. Onlar arasındakı tarixi rəqabətə tək İspaniyada yaşayanlar yox, bütün dünya şahidlik etmək, bu matçla nəfəs almaq istəyir. Onların qabarması məhz bu matçın gərginliyindən asılıdır. Həmçinin, bu görüşü də media yaxşı piar edir. Bizim media, idman jurnalistləri çox zəif işləyirdi. CBC Sport sağ olsun, bu sahədə xeyli tempi artırıblar. Bu kanala qədər idman mediasında böyük passivlik var idi. Bizim jurnalistlər piar aparmırdılar. “Xəzər Lənkəran”-“Neftçi” kimi “böyük oyun”umuz var. Əslində, onu Qafqazın “El-Klasiko”su etmək olardı. Sadəcə olaraq, idman mediası passivdir ki, bu oyunu qabartmır, gərginləşdirmir. Mütləq oyunlar başlamazdan əvvəl, hadisə yerindən- bəli, hər derbi məhz hadisədir canlı yayımlar, reportajlar, futbolçuların müsahibələri olmalıdır. Futbolçular özləri də, “böyük oyun”u qabartmalı, böyütməlidirlər. Qısacası, demək istədiyim budur ki, “El- Klasiko”nun fenomenə çevrilməsində əsas səbəbkarlardan biri də mediadır.Sözügedən qurum onlarda mükəmməl işləyir. Bizdə isə sadəcə, məlumatı verib, canlarını qurtarsınlar. Biz bu günə qədər, dövlət televiziyasının, “İdman Azərbaycan”ın yayımlarını görmüşük. Sağ olsunlar, bir ilki etdilər Azərbaycanda, yerli və xarici futbolu qabartdılar. Amma bizə lazım olanı tam vermədilər. Onların operatorları, əməkdaşları tələsə-tələsə, “bircə,bu oyun bitsəydi, canımı qurtarardım” deyə şərh edirdilər. Yəni, bu prinsiplə işləyirlər, həvəs göstərmirlər. Bilirəm, onlardan da asılı deyil. Rəhbərlik başqa cür yol almalı, istiqamət seçməlidir. Onlara yayım üçün geniş imkanlar verilməli, şərait yaradılmalıdır.
-Amma digər tərəfdən, son illərdə həm “Neftçi”, həm də “Xəzər Lənkəran” ideal səviyyədə deyil.
–Nə olar ki? “Yuventus”un ideal səviyyədə olmayan vaxtları var idi. Üzr istəyirəm, ifadəmə görə:”itin günündə idi”. “Milan” da heç ideal səviyyədə deyil. O gün televizorda gördüm. “Parma” artıq Allah bilir, neçənci Seriyaya yuvarlanıb? Amma yenə də o klubun azarkeşləri yığışıblar, dəstək nümayiş etdirirlər. Bu gün “Neftçi” və“Xəzər Lənkəran” komandaları çox ağır günlərini yaşayırlar, buna baxmayaraq onların oyunlarına azsaylı da olsa, azarkeşlər gəlir. O azarkeşlərin hamısının əlindən öpmək lazımdır. Futbolumuzun bu ağır günündə yenə də özündə pul,həvəs,güc tapıb, oyuna gəlirlərsə, onları televizorda min dəfə göstərsək, yenə də azdır.Bu insanlar böyük fədakarlıq göstərirlər, Azərbaycan futbolu üçün meydana, stadiona gedirlər. Yəni, klublarımızın səviyyəsi yaxşı olmasa belə, biz onları səviyyəyə, dəbə mindirməliyik. Az-çox CBC Sport bu gün nəsə edir,sağ olsunlar.
-Son dövrlərdə ölkəmizdə idmana böyük yatırımlar edilir.Səncə, bu məqam cəmiyyətə nə dərəcədə fayda verir?
-Ümumiyyətlə, hansısa bir sahənin inkişaf etdirilməsi əladır, alqışalayiqdir. Burda pis heç bir şey ola bilməz. İdman kompleksləri tikilir, bu sahəyə pul qoyulur, ölkəmizin idman uğurları da artır. Bütün bunların ziyanı yox, əksinə xeyri var. Amma mən şəxsən, böyük idman layihələrinə pul qoyulmasının əleyhinəyəm. Mən aidiyyatı olan qurum , ölkə rəhbərliyində olsaydım idman layihələrinə bu boyda diqqət ayırmazdım. Daha çox insanların, cəmiyyətin sosial təminatına xərcləyərdim.Çünki bildiyiniz kini, hal-hazırda böhran vəziyyətindəyik və insanların sosial təminata daha çox ehtiyacı var, nəinki idman kompleksinə.
-Mərc oyunları ilə aran necədir?
-Heç belə yolunu da bilmirəm,istifadə etmirəm. Sözün açığı, başım da çıxmır. Hələ dostlarıma da demişəm ki, mənə də öyrədin BH-X, (Matçda ilk hissənin başa çatması-Ü.M) əmsal nə deməkdir. Doğrudan, heç vaxt maraqlanmamışam, indiyə kimi yolunu da bilmirəm. Daha çox oyunların sürpriz hesablarla bitməsi məni vadar edir ki, “Topaz”da, nərc oyunların iştirak etməyim. Oyundur da, qardaş, top yumru, meydan düz. Nə bilirsən, 90 dəqiqə hansı hesabla bitəcək?Mən nə üçün bilmədiyim nəticəyə görə pul uduzmalıyam?Bu məncə, absurddur.
-“Bakı Olimpiya Stadionu”nun ictimai-iaşə obyekti kimi istifadəyə açılmasına münasibətin necə olmuşdu?
-Əslində, pis qarşılamıram. Düzdür, əvvəl sosial şəbəkələrdə partlayış oldu ki:”Bu nə deməkdir? Stadionda toy keçirdirlər” filan. Amma görəndə ki, dünyada başqa stadionlarda da-“Nou Kamp” da filan bu cür analoji tədbirlər keçirilir, sakitləşdilər. Hesab edirəm ki, maraqlı bir ənənə ola bilər. Orda nə var ki? Pis bir şey yoxdur.
-Amma unudursan ki, “Nou Kamp” özəl şirkətə, “Bakı Olimpiya Stadionu” isə dövlətə məxsusdur.
–Söhbət ümumiyyətlə, ideyadan gedir. Yəni, mən ideyanın pis olmamasından danışıram.Bu dövlət stadionudur, olar-olmaz , məsələnin başqa tərəfidir. Amma fikir olaraq, hansısa bir stadionda belə gözəl tədbirlərin həyata keçirilməsinin əleyhinə deyiləm. Mən özüm də qismət olsa, toyumu orda keçirdəcəm.
-Bizim futbolçularda bir qədər parlayandan sonra dərhal “ulduz xəstəliyi” özünü göstərir. Səncə,bu fərdin, yoxsa cəmiyyətin problemidir?
-Bu nə fərdin, nə də cəmiyyətin problemidir. Sözügedən məsələ, bütün dünyada var. İnsanlar məşhurlaşanda, istər-istəməz onlarda müəyyən komplekslər yaranır, dünyaya baxış tərzləri, onların özlərini aparmaları dəyişir. Sadəcə olaraq, biz Azərbaycanda yaşayırıq deyə, ancaq ölkəmizdəkiləri görürük. Düzdür, fərdi məsələdir, amma cəmiyyətin problemi deyil. Burda cəmiyyətlik nə var ki? İnsandır, məşhurlaşıb, “özünü göylə tutur”. Bu sırf fərdi məsələdir, cəmiyyətin dəxli yoxdur. Az-çox, tanınıram. Məsələn, yolda gedəndə kimsə salam verir, şəkil çəkdirir və s. Buna baxmayaraq, mən özümü məşhur hesab etmirəm. Əvvəl necə idimsə, indi də eləyəm. İki ildir, efirdəyəm, amma heç hiss elətdirmirəm. Yenə öz avtobusumda, öz metromda, küçədə dönərimi çox rahat şəkildə yeyirəm. Məsələn, bənzər aparıcılar, efirə çıxandan sonra çalışırlar ki, publikanın içində olmasınlar, daha səviyyəli yerlərdə olsunlar, daha yaxşı geyinsinlər və s. Mənim isə belə bir kompleksim yoxdur. Niyə özümü misal çəkirəm? Çünki bu mənada canlı nümunəyəm. Mən “ulduz xəstəliyi”nə tutulma əlaməti yoxdur, ona görə ki, bu məndən asılıdır. Mən istəsəm özümü apararam, amma istəmirəm. Heç içimdən də gəlmir. Ona görə də futbolçuların biraz parlayanda özlərini ulduz kimi aparmaları onların sırf fərdi məsələsidir. Elə futbolçu var ki, özünü heç belə aparmır. Bunu fərdi xarakter və keyfiyyət olaraq dəyərləndirirəm.
-Bizim futbolçular da həm də ictimai işlərdə yetərincə fəaldırlar. Amma bunu çox vaxt bayağı formada nümayiş etdirirlər. Səncə, bu nə dərəcədə düzgündür?
–Bir idmançının belə işlərdə məşğul olmasında heç bir problem yoxdur. Meyxananı nəzərdə tutursansa, o da bir yaradıcılıq, incəsənət nümunəsidir. Adam da yaradıcıdır, istedadını nümayiş etdirir. Bunda pis nə var ki?Futbolçu gecə-gündüz topla yatıb, topla qalxmamalıdır ki. Əgər onun istedadı və yaradıcılığı varsa, niyə bunu nümayiş etdirməsin ki? Bundan nəsə problem görmürəm. Çox yaxşı baxıram, hətta alqışlayıram. Əksinə, məhz belə şeylərlə futbolu kütləviləşdirmək lazımdır. Qoy meyxana sevən, amma futbolu sevməyən bir maştağalı, Bakının kəndlərindən birində yaşayan insanlar məhz Kamranın (Kamran Ağayevi nəzərdə tutr- Ü.M) dediyi meyxana sayəsində futbolu sevsinlər. Qəti pis baxmıram, əksinə əla olar. Bütün futbolçu və idmançıları öz istedadlarını, yaradıcılıqlarını ifadə etməyə çağırıram.
-Son dövrlərdə yerli futbolçulardan Vaqif Cavadov sosial şəbəkələrdə fenomenə çevrilib. Birdən-birə bu sıçrayış, necə baş verdi?
-Bu yəqin ki, Vaqifin driblinq xəstəsi olması ilə əlaqədardır.Meydanda maraqlı nömrələr nümayiş etdirmək istəyir. Öz istedad və potensialını maksimum şəkildə açmaq istəyir. Bu da tamaşaçıların,futbol azarkeşlərinin diqqətindən yayınmır. İndi belə deyək, bu da 1-2 nəfər yaradıcı, fantaziyası fərqli olan şəxsin ortaya atdığı, gənclərin diliylə desək:” temadır”. Xüsusən də, bizim dostlarımız, “Capstagram” səhifəsi admini Fərrux Qocamanlı bunu uydurub ortaya atdılar. Və Vaqif Cavadov zarafatları kütləvi trendə çevrildi. Buna da normal münasibət bəsləyirəm. Dünyanın hər ölkəsində, bütün futbolçularında var belə şeylər. Bütün ictimai şəxslər üçün “caps” düzəldirlər.
Ürfan Məmmədzadə
