"Xəzər Lənkəran"ın futbolçusu Rahid Əmirquliyev Korner.az saytına millinin matçları və qarşıdan gələn "Böyük oyun"la bağlı müsahibə verib.
-İlk olaraq Portuqaliya ilə oyun haqda nə deyərdin?
Nə danışım (gülür). Hər şey göz qabağındadı. Güclü rəqibə qarşı oynamaq asan deyil. İstəyirdik xal qazanaq ancaq, çatdırmırdıq. Fikirimcə, Portuqaliya ilə oyun haqda danışmağın mənası yoxdu.
– Oyunun ilk yarım saatında millimizin bir neçə futbolçusu bir-birini söyürdü. Bu, oyunun gərginliyi ilə əlaqədar idi?
Yox. Futbolda belə şeylər olur. Kim nə bilərdi ki, ora mikrafon qoşublar?
– Səncə, milli komandamızda hər hansı bir irəliləyiş varmı?
İnkişaf göz önündədi. İsraillə ilk oyunda pis təsir bağışlamadıq. Portuqaliya isə bilirsiz, dünyanın ən güclülərindəndi. Öz üzərimizdə işləyirik və çalışacağıq ki, gələcəkdə daha yaxşı nəticələr qazanaq.
– Premyer Liqanın 5-ci turu çərçivəsində baş tutacaq “Böyük oyun”da “Neftçi” ilə qarşılaşacaqsınız. Bu matç haqda nə deyərdin?
“Neftçi” Avropa Liqasında qrup oyunlarına hazırlaşır və bilirik ki, onlar diqqəti məhz ora yönəldiblər. Lakin istənilən halda, bizə üç xal lazımdı. Bakıya qələbə dalınca gəlmişik və inanırıq ki, “Neftçi”ni məğlub edib 3 xalı qazanacağıq.
– Sonda komandanızın qapıçısı Orxan Sadıqlı haqda nə deyərdin? Səncə, bu gənc qolkiperlə mövsümün sonuna kimi oynamaq olarmı?
Orxan meydana çıxdığı oyunlarda yaxşı təsir bağışlayır. Düzdü, Orxanın Kamrana çatmasına çox var. Lakin öz üzərində işləsə və təcrübə toplasa, Kamranı da keçə bilər.
RÖYA KƏRİMLİ
