Yeni mövsümə hazırlaşan “Rəvan” hazırlığın ilk bölümünü Bakıda keçməkdədir.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, çalışmalara iyunun 20-dən başlayan komanda ev oyunlarını keçirdiyi “Bayıl stadionu”nda hazırlığını davam etdirir.
Artıq futbolçular məşq ritminə düşdüyündən gündə 2 çalışma həyata keçirilir. Səhər məşqləri toplu təmrinlər üzərində qurulursa, axşam hazırlığında fiziki çalışmalara üstünlük verilir. Bu məqsədlə bu gün komanda axşam məşqini belə desək, trenajor zalda keçdi və əzələ kütləsinin artırılması üzərində çalışdı.
Qeyd edək ki, artıq legioner futbolçular da hazırlığa qoşulub. Ötən mövsüm vurduğu qollarla komanda “vuran ayağı”na çevrilən Xuan Manuel Varea bu baxımdan həmkarlarından fərqlənib və ilk olaraq gəlib. O, artıq komandamızın 2 meydan məşqində də iştirak edib. Dünən gecə Bakıya gələn Miloş Adamoviç isə komandaya axşam məşqində – trenajor hazırlığında qoşuldu. Polşalı qapıçımız Lukaş Sapela isə bəzi şəxsi məsələlərini həll etmək üçün rəhbərlikdən daha bir neçə gün icazə alıb. “1” nömrəmiz gələn həftənin əvvəlində komandaya qoşulacaq.