Azərbaycan Premyer Liqasının XI turunun “Turan”la səfər oyununda vurulan ilk qol “Rəvan” üçün tarixi əhəmiyyət kəsb edib.
Korner.az-ın PFL-ə istinadən verdiyi məlumata görə, serbiyalı futbolçu Nemanya Vidakoviçin 76-cı dəqiqədə vurduğu qol paytaxt təmsilçisinin Premyer Liqada rəqib qapılarından keçirdiyi 50-ci top olub.
Yubiley qolunun müəllifi olan 27 yaşlı hücumçu cəmi 4 dəqiqə sonra komandasının 51-ci qolunu da vurub.
Premyer Liqada 2-ci mövsümünü keçirən paytaxt komandası 50 qol həddinə 43-cü matçda çatıb. Bu isə komandanın iki mövsümdə orta məhsuldarlığının 1,19-a bərabər olduğunu göstərir.
Cari mövsümdə 12 dəfə rəqib qapılarına yol tapan “Rəvan”ın Premyer Liqadakı ilk qolu isə ötən il avqustun 6-da vurulub. Həmin gün “Kəpəz”lə Gəncədəki oyunun 37-ci dəqiqəsində Con Pelu tarixi qola imza atıb.
“Rəvan”ın Premyer Liqada qarşılaşıb, qol vurmadığı komanda yoxdur. AZAL və “Kəpəz” daha çox – 9, “Turan” isə 8 dəfə məyus edilib.
“Rəvan”ın Premyer Liqadakı bütün qollarını 16 futbolçu vurub. Onlardan başqa daha 1 top avtoqol hesabına qeydə alınıb. “Turan”la matçda dubla imza atan Vidakoviç ötən turdakı dublu hesabına klubun Premyer Liqada ən yaxşı bombardiri olub – onun hesabında 7 qol var.
