"Rəvan” futbol klubunun məşqçilər korpusunda yeni təyinat olub.
Korner.az-ın məlumatına görə, komandada fiziki hazırlıq üzrə yeni məşqçi fəaliyyətə başlayıb.
Bu vəzifəni Rastislav Svitski icra edəcək. 1974-cü il təvəllüdlü mütəxəssis klubla 1,5 illik müqaviləyə imza atıb. Bunadək o, Slovakiyanın "Koşitse” klubunda baş məşqçi Yan Kozakın köməkçilərindən biri idi və fiziki hazırlıq üzrə məşqçi işləyirdi.
Qeyd edək ki, Rastislav Svitski doktorluq dərəcəsinə malikdir. 1997-ci ildə Bratislavada yerləşən Komenski Universitetinin "Bədən Tərbiyəsi və İdman" fakültəsini bitirən mütəxəssis 2002-ci ildə Preşov Universitetinin "Humanitar və Tibb elmləri" fakültəsi üzrə doktarantura pilləsində təhsil almaqla doktor elmi dərəcəsinə yiyələnib. Dekatlon (onnövçülük) və heptatlon (yeddinövçülük) üzrə Slovakiya yüngül atletika millisinin üzvü olmuş Svitski ölkəsini bu cür yarışlarda 10 dəfə təmsil edib.
Yeddi dəfə Slovakiya rekordunu qıran Svitski 10 dəfə ölkə çempionu olmağa da imkan tapıb. O, həmçinin Slovakiyanın 19 yaşlı qızlardan ibarət basketbol və 21 yaşlı kişilərdən ibarət həndbol yığmalarında da fiziki hazırlıq üzrə məşqçi olub. Ölkəsinin kişilərdən ibarət həndbol çempionatının yüksək dəstəsində çıxış edən "Nove Zamki”də fəaliyyət göstərmiş mütəxəssis eyni zamanda Macarıstanın həndbol çempionatının elitasında "Nyireqhaza” və "Dyondyoş" kimi komandalar da fiziki hazırlıq üzrə məşqçi vəzifəsində çalışıb.
