“Rəvan” “Neftçi” və “İnter”in sabiq üzvünü Azərbaycana qaytarır.
Korner.az-ın məlumatına görə, paytaxt klubu Dmitri Kruqlovla danışıqlara başlayıb. Hazırda klubsuz olan eston müdafiəçi böyük ehtimalla yaxın günlərdə ölkəmizə gələcək.
Qeyd edək ki, “Neftçi” Kruqlovu 2007/08 mövsümünün ikinci yarısında Moskva “Lokomotiv”indən icarəyə götürüb (10 oyun, 2 qol). Daha sonra isə Bakı klubuna transfer olunan futbolçu 2010-adək “ağ-qara” formanı geyinib (53 oyun, 3 qol). 2010-cu ildə “İnter”ə keçən eston müdafiəçi bir mövsüm bu klubun uğurları üçün çalışıb (39 oyun, 2 qol). Ölkəmizdən ayrıldıqdan sonra bir mövsüm “Rostov”da çıxış edən Kruqlovuns on iş yeri Estoniyanın “Levadiya” klubu olub.
Müdafiəçi Azərbaycana gəlməzdən əvvəl vətənində “Tallin JK-83”, “Emmaste”, “Tallinn”, “Levadiya”, “M.C. Tallinn”, Rusiyada “Lokomotiv” (Moskva), “Kuban” və “Torpedo” (Moskva) klublarında top qovub. O, Estoniya yığmasında 90 oyun keçirib və 2 qol vurub.
