Yanvarın 10-dan etibarən hazırlığa start verən "Rəvan”da artıq bütün futbolçular komandanın düşərgəsindədir.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, həftəsonu legionerlər də "qış yuxusu”ndan ayılıb.
Premyer Liqanın təsnifat mərhələsinin son 4 matçına ciddi hazırlaşan və ilk "altılıq" şansları qalan komanda hələlik gündə bir dəfə məşq edir. "Bayıl” stadionunda keçirilən hazırlıqlarda əsas komandanın 22 futbolçusuyla yanaşı, əvəzedici heyətdən 5 oyunçu da iştirak edir.
Yanvarın 16-dan isə məşqlər intensiv xarakter alacaq. Belə ki, komanda gündəlik məşqlərin sayını ikiyə çatdıracaq. Səhər çalışmaları fiziki-hazırlıq, axşam məşqləri isə texniki-taktiki yöndə olacaq.
