“Rəvan” Futbol Klubu 2013/14 mövsümünə hazırlıqlara start verib.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, dünən komandanın yerli üzvləri həkim müayinəsindən keçdikdən sonra bu gün artıq məşqlərə başlanılıb. Qeyd edək ki, legionerlər düşərgəyə iyunun 23-nə qədər qoşulacaq və onlar tibbi baxışdan ayın 24-də keçəcək.
Bu günkü məşqə gəlincə, “Bayıl stadionu”nda baş tutan ilk hazırlıqda heç də bütün yerli oyunçular iştirak edə bilməyib. Nodar Məmmədov, Tofiq Mikayılov, Bəxtiyar Soltanov, Hüseyn Axundov və Ramazan Abbasov hərbçilər arasında keçiriləcək dünya çempionatına hazırlaşan milli komandamızın heyətində yer aldığından onlar hazırlığın bir hissəsini buraxacaq. Ona görə də baş məşqçi Ramil Əliyev hazırlıqda əvəzedici komandadan bəzi oyunçuları, o cümlədən aşağı yaş qrupları üzrə komandalardan bir neçə futbolçunu sınayır.