Futbol

Rəşad Sadiqovdan “Qarabağ”a ağır ittihamlar – MÜSAHİBƏ – EKSKLÜZİV

17.05.2012 , 08:47

 

“Kapitanlıq sarğısına görə mənə minnət qoymasınlar"

"Neftçi"nin futbolçusu Rəşad Sadiqovun Korner.az-a müsahibəsi

– Rəşad "Qarabağ"dan ayrılmağın çoxlu söz-söhbətə yol açdı. Başlıca səbəb nə idi getməyinə?

Sözün düzü, mən Bakı klublarından birinə keçmək istədim. Çünki Ağdama gedib-gəlmək mənim üçün bəzi problemlər yaradırdı. Əslində, "Qarabağ"dan ayrılmağımın başlıca səbəbi onların mənə müqavilə təklif etməməsi idi. Təsəvvür edin, 3 ildi bu formanı geyinirəm, ancaq müqaviləm bitir, heç kim heç nə demir. Buna görə də "Qarabağ"dan ayrıldım.

– Klub rəhbərliyi kapitanın belə addım atmasını birmənalı qarşılamadı…

Kapitanlıq sarğısına görə mənə minnət qoymasınlar. Bəyəm kapitan olan futbolçu komandanı tərk edə bilməz? Sabah "Real"n kapitanı Madridi tərk etsə, kim nə deyə bilər ona? Ac qalası deyiləm ki? Sabah kimsə mənim ailəmi saxlayası deyil ki?

– Bizdə olan məlumata görə, Qurban Qurbanov "qələm”ini qışda “qırıbmış”…

(duruxur) Vallah, mən bu haqda tam bilmirəm. Ancaq deyə bilərəm ki, məşqlərə gəlib-gedəndə yaxşı münasibət var idi. Mənə göstərilən münasibətdə belə bir şey görmədim.

– Həm də deyirlər ki, intizamsızlıq edirsənmiş qışdan bəri.

Kim bu informasiyanı sizə verir – bilmirəm. Ancaq deyə bilərəm ki, yalandı. Mən məşqlərimə vaxtlı-vaxtında gəlirdim. Baş məşqçi ilə də münasibətlərim yaxşı idi. Bizə pul verirlər, konfet kağızı yox. İşimiz məşq edib futbol oynamaqdısa, etməliyik.

– Sabiq komandan avrokuboklarsız qaldı. Bununla bağlı fikirlərini öyrənmək istəyərdim?

Pis oldu. Çünki "Qarabağ" Azərbaycanı avrokuboklarda layiqincə təmsil edərdi.

– "Qarabağ"da göstərdiyin performansı yeni klubun "Neftçi"də sərgiləyə bilərsənmi?

Bunu zaman göstərəcək. Ancaq deyə bilərəm ki, bu komanda mənə doğmadır və "Qarabağ"da sərgilədiyim futbolun ən yaxşısını burda da göstərəcəm.

-Bu gün "Neftçi" kubokun fionalında "Bakı" ilə qarşılaşır. Kimi daha şanslı sayırsan?

"Bakı" güclü, əzmkar komandadır. Lakin "Neftçi"nin qalib gələcəyini fikirləşirəm.

Səxavət QURBANOV

Son yazılar

Yuxarı