Rəşad Sadıqov səhv etdiyi epizod haqda: “Ötürməni Qara Qarayevə etdim…”
08.08.2018 , 00:51
“Yeganə səhv buraxdıq, rəqib də bundan istifadə etdi. Mənim üçün çox üzücü oldu, çünki səhvə yol verdim. Qarşıdakı oyuna hazırlaşacağıq”. Bu sözləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda BATE-yə 0:1 hesablı məğlubiyyətdən sonra “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.
Təcrübəli müdafiəçi qol zamanı səhvə yol verdiyi epizodu şərh edib: “Ötürməni Qara Qarayevə etdim, amma hücumçu ayağını qoydu və digər oyunçuya düşdü”.
Sadıqov hücumlarda son nöqtəni qoya bilmədiklərini deyib: “İlk 15-20 dəqiqədə oyunumuz alınmadı. Hər iki komanda səhv buraxmaq istəmirdi. Amma hesabda geri düşdükdən sonra hücuma atıldıq. İkinci hissəni çox yaxşı keçirdik. Bəzi epizodlarda rəqib qapıçı yaxşı oynadı. Amma son nöqtəni qoya bilmirdik”.
36 yaşlı futbolçu üstünlüyün rəqibdə olduğunu deyib: “Üstünlük rəqibdədi. Çalışacağıq ki, nəticə qazanaq. Rəqib öz meydanında olacaq. Daha üstün və aqressiv olmalıyıq. Burdakı oyun orda kifayət etməyə bilər”.