Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start verilib. Tur çərçivəsində "Sumqayıt"ın qonağı olan "Neftçi" səfərdən əliboş qayıtdı: 2-0.
Oyundan sonra "Neftçi"nin futbolçusu Rəşad Sadiqov oyunla bağlı fikirlərini bildirib
– Oyundan əvvəl prezidentin dəyişməsi əhva-ruhiyyəyə təsir etdimi?
-Demək olmaz ki, təsir etdi. Oyuna necə hazırlaşmışdıqsa elə də oynadıq. Bizim vəzifəmiz oynayıb xal qazanmaqdı.
– Qırmızı kart epizodunda nələr baş verdi?
-Heç bir azərbaycanlı gərək digərinə elə ağır söyüşlər söyməsin. Elə sözlər deyirdilər ki, onlara cavab verməmək mümkün deyildi. Bu, oyundu burda hər şey ola bilər. Hər alınmayan epizoda görə futbolçu söyərlər? Özü də baxıram ki, yaşlı adamdı. Mən ona cavab olaraq dedim ki, heç olmasa yaşından utan. Hakim də gəldi mənə qırmızı vərəqə göstərdi. Başa düşmürəm, o adama cavab vermək lazım deyildi ki?!
-Yəni sən söyüş söyməmisən?
-Xeyir, mən ona onun "anlamayacağı" dildə cavab qaytardım. Heç kim ailəsini çöldən tapmayıb. Futboldu, tribunada hamı ola bilər, bu qədər insan oyuna baxır. Heç kimin söyüş söyməyə ixtiyarı çatmır.
-"Neftçi" yenə uduzdu..
-"Yenə" sözü çox aqressiv yanaşmadı, bundan öncə qalib gəlmişdik, "Sumqayıt"ı da evdə udmuşduq.
-"Neftçi"də hər şey yaxşıdırmı?
-Normaldı. Hazırlaşmışdıq oyuna. Sadəcə ilk qoldan sonra özümüzü toparlaya bilmədik.
-Qarşıdan "Zirə" ilə oyun gəlir…
-Bu oyuna sakit başla hazırlaşmaq lazımdır. Əlimizdən gələni edəcəyik ki, onları kubokdan çıxardığımız kimi burda da qələbə qazanaq.
