Topaz Premyer Liqasının XVIII turunda səfərdə “Sumqayıt”ın qonağı olan “Qarabağ” bərabərliklə kifayətlənib: 1-1
Oyundan sonra “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
O, öncə oyunla bağlı fikirlərini bildirib.
– Maraqlı oyun oldu. Sözün açığı səfərdə “Sumqayıt”a qarşı bu qədər üstün olacağımızı gözləmirdim. Amma demək olar ki, 90 dəqiqə oyuna nəzarət elədik. Rəqibin başqa bir zərbəsini xatırlamıram. Bir zərbəsi oldu, o da qolla nəticələndi. Oyun təşkilatçılığı yaxşı idi, futbolçular həvəsli idi. Əgər belə bir oyunda, hansı ki, bu qədər qol epizodu tutursan, amma qol vura bilmirsən, onlarsa bir zərbə endirir və bu qol olursa, 1 xal da pis nəticə deyil.
– Şanssızlıq da 3 xalı qazanmağınıza mane oldu?
– Bir çox qol epizodu oldu və biz yararlana bilmədik..
– Azarkeşlə bir dialoq oldu sanki. Nə yaşandı o an?
– Bir söz dedi mən də fikrimi dedim.
– Rəqibin bir zərbəsi oldu dedin, lakin oyunun əvvəlində zərbə endirildi, həmçinin bir qol oldu sayılmadı…
– Çərçivəyə bir zərbə olub. Qol epizodunu bilmirəm. Özümə də maraqlıdır.
– 36 yaşlı Rəşad Sadıqov çempionatda oynayır. Sizcə, bu, Çempionatlığın aşağı səviyyədə olduğunu göstərir, yoxsa Rəşad Sadıqovun bacarığını?
– Özüm haqda şərh verməyim düz deyil. Çempionatımız 2ci devrədə daha da güclənib.
– Meydanda baş məşqçisi olduğun 3 futbolçuya qarşı oynayırdın. Bu dünya futbolunda nadir görülən hadisədir.
– Mən daha çox Amil və Cavidlə mübarizə aparırdım. Onların bu gün “Sumqayıt” kimi komandada oynaması qürurverici haldır.
– Amil Yunanovun milliyə çağırılma məsələsi hələ də gündəmdədir. Bu gün vurduğu qolla özünü təsdiqləyə bildimi?
– Ümumiyyətlə, Amil yaxşı futbolçudur. Xoş təsir bağışlayır. Lakin biraz da məşq etsə, yəqin ki Qurban Qurbanovun diqqətini cəlb edəcək. Qurban Qurbanovun geniş bir siyahısı var, hansı ki, Amil Yunanovun da adı ordadır. Bəzən yaxşı formada olmur, Samir Abbasov da onda şikayət edir. Lakin bu normal haldır. Bunla belə, hər bir məşqçi istəyər ki, yaxşı futbolçu ilə işləsin, çünki nəticədən birbaşa məsuliyyət daşıyır. Mən də məşqçiliyə başlamışam və istəyirəm ki, harda ən yaxşı futbolçu var onla çalışım. Doğma oğlum belə olsa yaxşı oynamayan heyətə düşə bilməz. Hər bir futbolçu öz üstündə işləməlidi. Yaxşı formada olan, məsuliyyəti olan hər bir futbolçunun milli şansı var.
– Mahir Mədətov sanki əvvələ baxmış yaxşı oynamır. Hətta sən özün də bəzi epizodlarda etiraz elədin. Bu nəylə bağlıdı?
– Bu gün “Qarabağ”da sırf hücumçu kimi oynamaq məsuliyyətli işdi. Hər futbolçu bacarmaz. Mahir də cavandır, öz üstündə işləməlidi. Bu günkü oyunda isə pis oynadı deyə bilmərəm. Lakin daha yaxşı formada olmalıdır. Çalışır, mübarizə aparır. Lakin “Qarabağ”ın hücumçusu olmaq üçün daha çox çalışmalıdır. Son dövrlərdə solda oynayır. Özü də deyir ki, özünü fərqli hiss edir.
– U19 komandasının oyunu olmalı idi, lakin baş tutmadı. Oyunun sizə görə təxirə salındığı deyilir. Buna aydınlıq gətirərdiniz?
– Biz 2 dəfə təklif etmişik, “Sumqayıt” qəbul etmədi. Təxirə salınmış oyun U-19 komandasında hər iki tərəfin razılığı ilə baş tutur. Biz də, hər ikimizə uyğun vaxta razılaşdıq.
– Qış fasiləsindən sonra “Qarabağ” 3 qol vura bilib. Bu “Qarabağ”ın hazır olmamasından qaynaqlanır, yoxsa rəqiblərin sizə qarşı daha motivasiya ilə oynamasından?
– Mən futbolu qolla qiymətləndirmirəm. Biz bu gün 2, 3 qol vursaydıq, deyəcəkdiniz ki, “Qarabağ” yaxşı formadadı. Lakin səfərdə “Sumqayıt”a qarşı belə oynamışıq, heç kim müsbət düşünmür. Mənimçün oyun əsasdır. Bir sıra usta komandalarda belə qol şanslarından istifadə edə bilməmə kimi hallar olur. Bu normaldır. 4 oyunda bir neçə qol epizodu yaratmışıq, amma istifadə edə bilməmişik. Bu müəyyən vaxtlarda “Qarabağ”da olub. Biz qol epizodundan yararlana bilmədiyimizə görə çempionatlıqdan da kənarda qalmışıq. Lakin ötən il, ikinci dövrəyə çox pis başlamışdıq. Bu il də belə oldu. Həmçinin komandalar da “Qarabağ”a qarşı çox istəklə oynayırlar. Həm də istəyirlər ki, özlərini Qurban Qurbanova göstərə bilsinlər. Bunlar futbolda yaşana bilən hallardır..
