Avropa liqası

Rəşad Sadıqov: “Çalışdıq ki, o əski parçası yerə düşməsin”

04.10.2019 , 10:22

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin II turunda səfərdə Lüksemburqun “Düdelanj” klubuna qalib gəldikləri (4:1) matçdan sonra sualları cavablandırıb…

– Hesab gözlənilməz oldu?
– Həqiqətən də gözlənilməz nəticə oldu. Rəqib ilk oyunda APOEL-i 4-3 hesabı ilə udmuşdu. Çox ciddi hazırlaşmışdıq. İlk dəqiqələrdən aqressiv oynamağa çalışdıq. Rəqibə oynamağa imkan verməməyə çalışdıq. Çünki topla rəftar edən komandadı. Kifayət qədər qol şansları oldu. Mühüm olan qələbədi. Böyük hesabla qalib gəlmək önəmlidi. Çünki ilk turda 0-3 hesabı ilə uduzmuşduq.

– Son matçlarda çıxış etmirdiz. Bunun səbəbi nə idi?
– Xəstələnmişdim. Bakıda virus dolaşır. Məşqlərdən kənarda idim. Qurban müəllim hər oyunçunun tam hazır olmasını istəyir. Bu, onun iş prinsiplərindən biridi. Mənə nə zaman etimad göstərsə, hazıram meydana çıxmağa. Şans verdi və bundan istifadə etməyə çalışdım.

– İkinci qoldan sonra təxribata əl atıldı. Həmin anlar barədə fikirləriniz necədi?
– Gözlənilməz oldu. İkinci qoldan sonra gördüm ki, qapımızın üstündən dron uçur və üzərində bayraq var. Bayraq dedim, bunu əski adlandırardım. Onun dalınca qaçmağa başladım ki, yerə enməsin. Heç enmədi də. Hakimə yaxınlaşdıq ki, bu yerə enməməlidir. Hakim dedi ki, sizi başa düşürəm, amma meydandan çıxmalısınız. Əvvəlcədən razılaşmırdıq. İstəmirdik ki, yerə ensin. Hakim də anlayan insan idi. Bizə qarşı sərt olmadı. Çalışdıq ki, əski parçası yerə düşməsin. Fasilə elan verildi. Lüksemburqun idman naziri bizdən üzr istədi. Ona dedik ki bu, həsas məsələdi. Qondarma bayraq qalxsa, oynamayacağımızı dedik. Qurban müəllim bizimlə söhbət etdi. O dedi ki, təxribat bizə təsir etməməlidi, 3 xal önəmlidi. Aqressiya olmadan oyuna davam etməli idik. Hakim bizə bildirdi ki, belə şey olsa, oyunu dayandıracam. Fasilədən sonra qırmızı və sarı vərəqələr almadıq. Çox legionerimiz olsa da, onlar da bu məsələyə ciddi yanaşdı. İkinci hissədə bu hal təkrarlanmadı. Konsentrasiyamız pozulmadı. Hamı var qüvvəsi ilə mübarizə apardı

– Bir an hamı azərbaycanlı azarkeşlər tərəfə getdin…
– O məqamlar çox qarışıq idi. Bizi də itələyirdilər. Ehtiyat oyunçular ora getmişdi. Çalışdıq ki sakitləşək, paltardəyişmə otağına gedək. Hər jest və əl hərəkət kartla nəticələnir.

– Bu qələbə ilə qrupdan çıxmaq yolunda inamlı addım atdınız?
– Hamı qrupdan çıxmaqdan danışır. Kimsə “Qarabağ”ı sevirsə, qrupdan çıxmağını istəyirsə, bu barədə danışmasın. Qarşıdakı oyunlarla bağlı fikir bildirsinlər. Futbol ictimaiyyəti, azarkeşlər və futbolçular APOEL-lə oyunu düşünməlidi. Qrupdan çıxmağı fikirləşməsinlər. Bu, hamıya aiddi. Hər oyuna final kimi yanaşmalıyıq. Qrupdan çıxmağı düşünmək yalnız komandanın ziyanına olacaq. Oyunda-oyuna fikirləşməliyik.

Son yazılar

Yuxarı