"Bizim durumumuz bu dəqiqə çox şişirdilir. "İnter"lə oyunda hər iki tərəf yaxşı oyun nümayiş etdirdi. Hər iki tərəf qələbə qazana bilərdi. Lakin həmin oyunda qələbəni biz qazandıq".
Bu sözləri Korner.az-a açıqlamasında "Qarabağ"ın kapitanı Rəşad Sadıqov deyib.
Ağdam klubunun təcrübəli müdafiəçisi "İnter" üzərindəki qələbəyə şərh verərkən, qarşıdakı "Neftçi" ilə kubok matçından da, danışıb:
"Ümumiyyətlə, "İnter"lə oyunda biz birinci qolu buraxanda hiss edirdim ki, ikincini də, buraxacağıq. Yaxşı oldu ki, ikinci qolu tez buraxdıq və oyunda dönüş yaratmağa vaxtımız oldu. Həmin iki qolu qapımızda gördüyümüz anlarda yaxşı oynayırdıq. "İnter"ə qarşı pressinq tətbiq edirdik və onlara hücum qurmağa imkan vermirdik. Sadəcə "İnter"in futbolçularının ustalıq səviyyəsi ikinci qolun vurulmasına səbəb oldu. Biz birinci qolun şokundan ayılmamış, ikincini qapımızda gördük. Yaxşı ki, tez toparlana bildik və qələbə topunu vurduq.
Bu mövsüm "Neftçi" bizi məğlub edə bilmir. Yenə bizi çətin oyun gözləyir. Onlarla son çempionat oyununda da qələbə qazanan biz olduq. Bundan sonra "Neftçi" 5 oyun da dalbadal qalib gəlsə, biz həmin görüşdə daha yaxşı oynayan tərəf idik. O oyunla bağlı çox danışmaq istəmirəm. Sadəcə o oyuna baxmayıb, fikir səsləndirənlərə demək istəyirəm ki, bir də həmin matçın təkrarına baxsınlar. Görsünlər ki, hakim daha çox kimə qarşı səhv edib. Həmin matçda hakim bizə qarşı daha çox səhv etdi, nəinki "Neftçi"yə".
