“Simurq” komandasının futbolçusu Rəşad Eyyubov klubumuza müsahibə verib.
Korner.az futbolçunun açıqlamalarını sizə təqdim edir.
-Necə düşünürsünüz dünən “Simurq”un məğlubiyyətinin səbəbi nə idi?
-Nə isə demək çox çətindir. Oyuna çox yaxşı başladıq. Lakin sonra arxayınlaşdıq. Məğlubiyyətimizin ən əsas səbəbi həlledici məqamlarda ləng davranmağımız oldu.
-Ev oyunlarınızı doğma stadiondan kənarda oynamaq futbolçulara necə təsir edir?
-Açığı, düzünü desəm əvvəlcə bunun bizə təsir etməyəcəyini düşünürdüm. Lakin öz doğma meydanında, öz azarkeşlərimiz qarşısında oynamaq bizə daha yaxşı təsir edir. Dünənki oyun Zaqatalada olsaydı, azarkeşlərimiz bizi sakitləşməyə qoymazdılar bizə ikinci qolu vurmaqçun stimul verərdilər.
-“Simurq” bu il çempionatda hansı yer uğrunda mübarizə aparır?
-Hazırda çox sıx bir turnir cədvəli mövcuddur. Biz bacardıqca yuxarı pillələrdə olmağa çalışacağıq.
-Rəşad Eyyubov özü öz oyunundan razıdırmı?
-Açığı hər oyundan sonra düşünürəm və görürəm ki etdiyimdən daha yaxşısını bacarıram. Hələ ki, öz oyunumdan razı deyiləm. Amma komandama xeyir vermək üçün əlimdən gələni edirəm və edəcəm.
-Bildiyiniz kimi oktyabrın 23-ü Azərbaycan Superkubokunun finalı olacaq və “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşacaq. Sizcə matç necə keçəcək? Favoritiniz kimdir?
-Bu oyun barədə şərh vermək istəmirəm, amma maraqlı oyun olacağına inanıram.