Millimizin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsində sabah Almaniyaya qarşı keçirəcəkləri oyun öncəsi jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə matç barədə fikirlərini bildirib.
– Rəqib barəsində çox şey demək istəmirəm. Almaniya dünyanın ən güclü komandasıdır. Sabahkı görüşdə onların oyununu çətinləşdirməyə çalışacağıq. Bizi çətin oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, matçdan sonra bir-birimizin üzünə baxa bilək. Almanlara qarşı öz evimizdə keçirdiyimiz oyunda qol vurub, onları "qıdığlaya bildik". Artıq onlar bizim nəyə qadir olduğumuzu bilirlər.
– Sabahkı oyun üçün heyəti dəqiqləşdirmədiyinizi dediniz. Hazırkı durum üçün ağlınızda olan heyəti açıqlaya bilərsinizmi?
– Əgər oyun bu gün olsaydı heyəti açıqlaya bilərdim. İndiki durumda son məşqi gözləməliyəm. Zədəli oyunçular var. Onların son durumunu öyrəndikdən sonra heyəti müəyyənləşdirəcəm.
– Rəşad Sadıqov da milli ilə birgə Almaniyaya gəlib. Onu sabahkı oyunda meydanda görə biləcəyik?
– Yox. Çexiya ilə görüş Rəşad üçün son oyun idi.
-Yoahim Löv böyükhesablı nəticənin olmayacağını bildirdi. Siz necə düşünürsünüz?
– Futbolda hər şey ola bilər. Hər bir komandaya hörmətlə yanaşırıq, ancaq onlardan qorxmuruq. Uşaqlar Bakıdakı oyunu yada salıb, burda da yaxşı çıxış edəcəklər.
