Ötən mövsümün sonunda bir az dincəlmək istədiyini deyərək "Barselona"dan ayrılan Pep Qvardiolaya təkliflər gəlməyə davam edir.
Korner.az-ın İspaniya mətbuatına istinadən məlumatına görə, Qvardiolanı "sükanı arxası"nda görmək istəyənlərdən biri və bəlkə də ən ciddisi A Seriyasında çətin günlərini yaşayan "Milan"dı.
Barselonada nəşr olunan "Mundo Deportivo" qəzeti yazır ki, "Milan"ın başqanı Silvio Berluskoni komandasının vəziyyətindən narazıdı və gələn mövsüm baş məşqçi postunda Pepi görmək istəyir. Danışıqlar aparmaq üçün hətta Berluskoninin şəxsən Nyu-Yorka gedrək baş məşqçi ilə görüşəcəyi iddia olunur. Klub başqanının artıq məşqçi namizədləri də bəllidi. O, Paolo Maldini və Roberto Baccio cütlüyünü Pepə köməkçi gətirməyi planlaşdırır. Qəzet iddia edir ki, Berluskoni təcrübəli çalışdırıcıya illik 6 milyon olmaqla 4 illik müqavilə təklif edəcək.
Qeyd edək ki, İtaliya Pep üçün yad ölkə deyil. Belə ki, o, futbolçu kimi bu ölkənin "Roma" və "Breşia" klublarının formasını geyinib.