Avropa Liqasının III turunda “Monako”nun qonağı olacaq “Qarabağ” dünən sonuncu məşqinə çıxıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hazırlıqdan yarım saat öncə – 21:30-da baş məşqçi Qurban Qurbanov və İbrahim Şehiç jurnalistlər önünə çıxıb.
Qurban Qurbanov komandasını çətin oyunun gözlədiyini, ancaq hər şeyin doğrusunu etməyə çalışacaqlarını deyib: “Bizi çətin oyunun gözlədiyinin fərqindəyik. Buna baxmayaraq, hər şeyin doğrusunu etməyə çalışacağıq. Qrupda 2-ci pillədə qərarlaşmağımıza baxmayaraq, növbəti mərhələyə adlamaq baxımından rəqiblərimiz favoritdi. Hər halda, onların zəngin təcrübəsi belə düşünməyə əsas verir. “Monako” ilə ardıcıl oyunların həlledici olacağını düşünmürəm. Fikrimcə, son tura qədər komandalar arasında mübarizə davam edəcək. Ona görə də indidən nəsə söyləmək çətindi. “Monako” sonradan ulduza çevrilən futbolçular yetişdirməklə adından söz etdirə bilib”.
İbrahim Şehiç isə rəqibin güclü heyətə malik olduğunu söyləyib: “Rəqib çox güclüdü. Mən onların çıxışını ötən il izləmişəm. Vaxtilə Çempionlar Liqasında oyunlarına baxmışam. Ola bilsin, bəzi futbolçuları satıblar. Ancaq yenə də rəqibin gücünə şübhə yoxdu. “Monako” istedadlı gənc və təcrübəli usta futbolçuların vəhdətindən qurulmuş kollektivdi. Ona görə də diqqətli olmalıyıq”.